...

Azərbaycanın bəzi strateji obyektlərinin ətrafında sürüşmə ehtimalı yaranıb

Cəmiyyət Materials 16 Dekabr 2014 16:26 (UTC +04:00)
Hazırda Mingəçevir, Şəmkir, Varvara su anbarları, Mingəçevir su elektrik stansiyası, Mingəçevir istilik elektrik stansiyası və Varvara su elektrik stansiyası ətrafında sürüşmə ehtimalları var.
Azərbaycanın bəzi strateji obyektlərinin ətrafında sürüşmə ehtimalı yaranıb

Azərbaycan, Bakı, 16 dekabr /Trend, müxbir İlhamə İsabalayeva/

Hazırda Mingəçevir, Şəmkir, Varvara su anbarları, Mingəçevir su elektrik stansiyası, Mingəçevir istilik elektrik stansiyası və Varvara su elektrik stansiyası ətrafında sürüşmə ehtimalları var. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyası Coğrafiya İnstitutunun Azərbaycanın iqtisadi və siyasi coğrafiyası şöbəsinin müdiri Nəriman Paşayev deyib.

Onun sözlərinə görə, sürüşmə prosesləri Azərbaycandakı strateji obyektlərə də çox təsir göstərə bilər: "Mingəçevir və Şəmkir su anbarlarının ətrafında əvvəlcədən möhkəmləndirmə işləri aparılmadığından hazırda burada - Bozdağın ətəyi ətrafında, haradasa 20 hektardan çox ərazidə sürüşmə ehtimalı var. Mingəçevir və Şəmkir su anbarlarının ətrafında, Mingəçevir su anbarından Qarabağ kanalına çıxan ərazidə indiyə qədər bir neçə dəfə sürüşmə qeydə alınıb.

N.Paşayev bildirib ki, bu ərazilərdə sürüşmələrin qarşısını almaq üçün Fövqəladə Hallar Nazirliyi tərəfindən müəyyən tədbirlər görülüb. Ancaq həmin tədbirlər tam yetərli deyil, cünki ərazidə daha böyük işlər görülməlidir: "Qarabağ kanalı ətrafında, haradasa 40 hektar ərazidə sürüşmə ehtimalı yaranıb. Buna görə də orada 10-15 km ərazidə sürüşməyə qarşı mübarizə tədbirləri görülməlidir".

O, qeyd edib ki, Varvara su anbarının ətrafında gündə demək olar ki, 30-40 maşın qum daşınır. Bu da ərazinin getdikcə boşalmasına səbəb olur.

İnstitut rəsmisinin sözlərinə görə, hazırda sürüşmə ehtimalları anbarın ətrafında yaranıb. Amma bu cür proseslər davam edərsə və bunun qarşısı vaxtında alınmazsa, sürüşmə prosesinin anbarların özünə qədər çatması ehtimalı var: "Hərcənd ki, bu gün Fövqəladə Hallar Nazirliyi bunun qarşısını almaq üçün işlər görür. Bu işlərin hamısı müəyyən mərhələlərlə yerinə yetirilir. Ancaq birdən-birə böyük sürüşmə hadisəsi olsa, onda böyük fəlakət baş verə bilər".

N.Paşayev deyib ki, bu gün həmin ərazilərdə sürüşmənin qarşısını almaq üçün ən dərin qatlardan başlayaraq mühəndis-mühafizə tədbirləri görülməlidir: "Əks halda sürüşmə baş verə bilər. Bununla yanaşı, Mingəçevir, Şəmkir, Varvara su anbarlarının ətrafında qum daşınmaları da dayandırılmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti