...

Akif Əlizadə: Bəzi hallarda qanunvericilik bazası elmi fəaliyyət üçün əngəllər yaradır

Cəmiyyət Materials 19 Dekabr 2014 11:29 (UTC +04:00)
"Bəzi hallarda respublikanın qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır".
Akif Əlizadə: Bəzi hallarda qanunvericilik bazası elmi fəaliyyət üçün əngəllər yaradır

Azərbaycan, Bakı, 19 dekabr /Trend, müxbir İlkin İzzət/

"Bəzi hallarda respublikanın qanunvericilik bazası elmi fəaliyyət üçün lazım olmayan əngəllər yaradır". Trend xəbər verir ki, bunu Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə Azərbaycan Alimlərinin I Qurultayının açılış mərasimində çıxışı zamanı deyib.

AMEA prezidenti bu əngəllərə nümunə də göstərib: "Misal üçün, eksperimental işlərin aparılması hansısa cihaz və avadanlıqların qısa zaman kəsiyində alınmasını tələb edir. Dövlət alqı-satqı sistemi və tender mexanizmlərinin mövcudluğu bizi bəzən gülünc vəziyyətə qoyur".

Onun fikrincə, mütləq yeni mexanizmlər yaradılmalıdır: "Məncə, burada tamamilə başqa nəzarət mexanizmləri işlənib hazırlanmalıdır. Əks halda effektiv elmi işdən söhbət belə gedə bilməz".

Akademik alimlərin sosial müdafiəsi məsələsinə də toxunaraq bildirib ki, bu problemin həlli üçün yalnız büdcədən artırmalara ümid etmək doğru deyil. İlk növbədə elmi fəaliyyət sahəsində baza maliyyələşməsindən məqsədli elmi proqramların ünvanlı maliyyələşməsinə keçidlə bağlı ciddi addımlar atmaq lazımdır: "Həqiqətən, ağır və şərəfli bir zəhmət olan elmi əməyin stimullaşdırılması olduqca zəruri məsələdir. Son illər alimlərin əməkhaqlarının artırılması, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində dövlət tərəfindən ardıcıl tədbirlər həyata keçirilir. Əminəm ki, bu sahədə tədbirlər bundan sonra da davam edəcəkdir".

A.Əlizadə qeyd edib ki, alimlərin mənzil təminatı məsələsi də olduqca vacibdir. Bununla əlaqədar AMEA-nın elmi müəssisələrinin istifadəsində olan torpaq sahələrinin qorunub saxlanılması və səmərəli istifadəsi istiqamətində son illər xeyli tədbirlər həyata keçirilir: "Bizim əsas məqsədlərimizdən biri respublika rəhbərliyinin dəstəyi ilə həmin torpaq sahələrində Azərbaycan alimləri üçün "Alimlər şəhərciyi" - "Science City" yaşayış kompleksi yaratmaqdır. Ümid bəsləyirik ki, bir neçə ildən sonra mənzil problemlərinin həlli üçün lazımi tədbirlərin görülməsi nəticəsində alimlərimizi sevindirə biləcəyik".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti