...

Seymur Orucov: YAP-ın gəncləri bu məqsədlə petisiya üçün imzavermə prosesində fəal iştirak ediblər

Cəmiyyət Materials 19 Fevral 2015 12:25 (UTC +04:00)
Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanınması məqsədilə petisiya üçün imzatoplama keçirilib.
Seymur Orucov: YAP-ın gəncləri bu məqsədlə petisiya üçün imzavermə prosesində fəal iştirak ediblər

Azərbaycan, Bakı, 19 fevral /Trend/

Məlum olduğu kimi, Ermənistan prezidenti Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanınması məqsədilə petisiya üçün imzatoplama keçirilib. Bu çərçivədə tələb olunan 100 min imza artıq toplanıb. Bu prosesdə Yeni Azərbaycan Partiyasının (YAP) Gənclər Birliyi də fəal iştirak edib. YAP Gənclər Birliyinin sədri, partiyanın Siyasi Şurasının üzvü Seymur Orucov müsahibəsində bu petisiyanın əhəmiyyətli olduğunu bildirib:

- Bilirsiniz ki, Dağlıq Qarabağ məsələsi Azərbaycanın ən ağrılı problemidir. Ermənistanın təcavüzkar siyasəti nəticəsində torpaqlarımızın 20 faizi işğal olunub, 1 milyondan artıq soydaşımız qaçqın və məcburi köçkün vəziyyətinə düşüb. Təbii ki, Azərbaycan dövləti münaqişənin sülh yolu ilə həllinin tərəfdarıdır və bu məqsədlə danışıqlar prosesində iştirak edir. Amma görünən odur ki, Ermənistan işğalçılıq siyasətindən xoşluqla əl çəkmək niyyətində deyil. Dövlətimiz Ermənistanın təcavüzkar mövqeyinin beynəlxalq müstəvidə ifşa olunması istiqamətində uğurlu siyasət həyata keçirir. Təbii ki, müxtəlif ictimai və siyasi təşkilatlar da dövlətimizin bu siyasətinə dəstək verir.

Bu baxımdan, Ermənistanın indiki prezidenti Serj Sarkisyanın beynəlxalq cinayətkar kimi tanınması istiqamətində Azərbaycan Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının başladığı kampaniya çox əhəmiyyətlidir. Nəzərə almaq lazımdır ki, Sarkisyan hələ prezident olmamışdan xeyli öncə hərbçi kimi Azərbaycan torpaqlarının işğalında birbaşa iştirak edib, günahsız insanları qətlə yetirib. Xüsusilə, o, Xocalı soyqırımını törədən, dinc insanları qətlə yetirən erməni hərbi qüvvələrinə rəhbərlik edən şəxslərdən biri olub. Sarkisyan bu qətliamda iştirakını açıq şəkildə etiraf edib. Ona görə də, onun hərbi cinayətkar kimi beynəlxalq miqyasda tanınması tam doğrudur.

Bu mənada yuxarıda adını çəkdiyimiz petisiya çox vacibdir. Bilirsiniz ki, bunun üçün tələb olunan 100 min imza artıq toplanıb. Məlumat üçün bildirim ki, YAP Gənclər Birliyi bu prosesə aktiv şəkildə qoşulana qədər artıq 50 minə yaxın imza toplanmışdı. Yəni ötən cümə gününə qədər bu qədər imza toplamışdı. Amma həmin vaxt kampaniyada müəyyən durğunluq da hiss olunurdu. Biz partiya rəhbərliyinin tövsiyəsi ilə bu prosesə fəal şəkildə qoşulduq. YAP-ın gəncləri kampaniyada iştirak etməklə yanaşı, sosial şəbəkələrdə insanların imza verməsi üçün də aktiv təbliğat apardılar. Bütün bunların nəticəsi olaraq fevralın 16-sı axşamadək 101 min imza toplandı.

Ümumiyyətlə, YAP-ın gəncləri ümummilli məsələlərdə bir mövqedən çıxış edirlər. Gənclərimiz ölkə Prezidentinin siyasətini birmənalı şəkildə dəstəkləyirlər. Gənclər dövlət başçısının çağırışı ilə hər an torpaqlarımızı işğaldan azad etməyə hazırdırlar. Ermənistan terror dövlətidir və onun başında duran Sarkisyan terrorçudur, hərbi cinayətkardır. Onun beynəlxalq səviyyədə cinayətkar kimi tanınması üçün bu petisiya əlimizdən gələni etdik. Əgər gələcəkdə də belə kampaniyalar olarsa, yenə də fəal şəkildə iştirak etməyə hazırıq.

- Seymur müəllim, YAP Gənclər Birliyi Xocalı soyqırımı ilə əlaqədar hansı tədbirlər keçirəcək?

- Azərbaycan gəncliyi olaraq Xocalı soyqırımı ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması üçün üzərimizə düşən vəzifələri layiqincə yerinə yetirməyə çalışırıq. Gənclərimiz sosial şəbəkələr vasitəsilə soyqırımı haqda məlumatları yayırlar. Eyni zamanda, e-mail aksiyası keçirərək bir sıra beynəlxalq təşkilatlara, ayrı-ayrı dövlətlərin müvafiq strukturlarına Xocalı həqiqətlərini çatdırırıq. Ötən illərdə belə kampaniya keçirmişik. Hazırda da bu prosesə başlamışıq. Beynəlxalq təşkilatların, nüfuzlu şəxslərin, eləcə də, dünyada tanınan siyasətçilərin, dövlət adamlarının elektron poçtlarına Xocalı soyqırımını əks etdirən məlumatlar göndəririk. Gənclər bu işdə çox fəaldırlar.

Bilirsiniz ki, Xocalı soyqırımının beynəlxalq aləmdə tanınması ilə bağlı Azərbaycanda və ölkə hüdudlarından kənarda hər il bir çox işlər görülməkdədir. Eyni zamanda, bu işlərin aparılması istiqamətində mütəmadi fəaliyyət göstərilir ki, həmin fəaliyyətlər çərçivəsində azərbaycanlı gənclərin aktivliyi xüsusilə seçilir. Yeni Azərbaycan Partiyasının gəncləri də Azərbaycanın aparıcı qüvvəsi hesab olunur. Belə olan təqdirdə, biz gənclər qərara gəlmişik ki, müxtəlif yollarla Xocalı soyqırımı ilə bağlı aparılan işlərə dəstək verək.

Xüsusi olaraq vurğulamaq yerinə düuşər ki, Azərbaycan dövləti Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində uğurlu siyasət həyata keçirir. Eyni zamanda, Heydər Əliyev Fondu müxtəlif layihələr vasitəsilə Xocalı soyqrımı haqqında həqiqətlər dünya ictimaiyyətinə çatdırır. Bir neçə ildir "Xocalıya ədalət!" kampaniyası nəinki ölkəmizdə, beynəlxalq müstəvidə də geniş əks-səda doğurub. Gənclər də bu kampaniya çərçivəsində tədbirlər keçirir.

Gənclər gələcəkdə daha ardıcıl istiqamətdə, yeni ideyalarla çıxışlar edəcəklər. Biz də bu işdə həmişə aktiv olmuşuq və bundan sonra da bunu davam etdirəcəyik. Bu tədbir son deyil. Belə ki, YAP rayon təşkilatlarının gənclər birlikləri Xocalı soyqırımı ilə bağlı tədbirlər keçirəcəklər. Eyni zamanda, YAP Gənclər Birliyinin ofisində millət vəkillərinin, Xocalı soyqırımının şahidlərinin iştirakı ilə tədbir olacaq. Eləcə də, Xocalı faciəsinə həsr olunmuş abidə ziyarət olunacaq.

İnanırıq ki, səmərəli fəaliyyət göstərsək, biz nəticədə öz məqsədimizə nail olacağıq. Görülən işlər bunu deməyə əsas verir. Artıq dünyanın bir neçə dövləti Xocalı qətliamını soyqırımı kimi tanıyıb. Bu prosesin davamlı olacağına əminik.

- Başqa bir məsələ ilə bağlı fikrinizi bilmək istərdik. YAP Gənclər Birliyinin növbəti konfransına hazırlıq hansı səviyyədədir?

- Ötən illər ərzində YAP Gənclər Birliyi partiya rəhbərliyinin tövsiyə və tapşırıqlarını layiqincə yerinə yetirməyə çalışıb. Məlumdur ki, YAP Gənclər Birliyi ölkənin ən böyük gənclər təşkilatıdır. Təşkilatımızda böyük gənclər ordusu birləşib. YAP-ın gəncləri ictimai-siyasi proseslərdə fəal iştirak edir, dövlətimizin inkişafına öz töhfələrini verirlər. Eyni zamanda, YAP Gənclər Birliyi müxtəlif layihələr həyata keçirməklə ölkə gəncliyinin böyük rəğbətini qazanıb. Məhz ölkə Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyevin həyata keçirdiyi uğurlu siyasətin nəticəsidir ki, gənclərin partiyamıza axını daha da artıb.

Təbii ki, YAP Gənclər Birliyi vaxtaşırı olaraq görülən işlərin hesabatını verir. Bu il də təşkilatımızın növbəti hesabat-seçki konfransı keçiriləcək. Bununla əlaqədar qrafik müəyyənləşib və artıq partiyanın yerli strukturlarında gənclər birliklərinin konfransları keçirilir. Artıq YAP-ın Suraxanı və Yasamal rayon təşkilatlarının gənclər birliyi bu tədbiri keçiriblər. Fevralın 24-də isə YAP Gəncə şəhər təşkilatı Gənclər Birliyinin konfransı olacaq. Bu konfranslarda ən layiqli gənclərə etimad göstərilir.

Bu gün YAP gənclərinin intellektual səviyyəsi ən üst səviyyədədir. Biz hər zaman cənab Prezidentin siyasətini dəstəkləmişik və bundan sonra da bu siyasətin təbliğatçısı olacağıq. Eyni zamanda, xüsusi vurğulamaq istəyirəm ki, həyata keçirdiyimiz tədbirlərə partiya rəhbərliyi çox böyük dəstək göstərir. Buna görə də, partiya rəhbərliyinə dərin minnətdarlığımızı bildiririk.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti