...

Səlim Müslümovla Avstriya səfiri arasında tanışlıq görüşü olub (FOTO)

Cəmiyyət Materials 23 Fevral 2015 16:46 (UTC +04:00)
Azərbaycan və Avstriya arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Səlim Müslümovla Avstriya səfiri arasında tanışlıq görüşü olub (FOTO)

Azərbaycan, Bakı, 23 fevral /Trend/

Bu gün Azərbaycanın əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla Avstriyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Aksel Vex arasında tanışlıq görüşü olub.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, görüşdə S.Müslümov Azərbaycanın Avstriya ilə ikitərəfli münasibətlərinin inkişafından bəhs edərək, iki ölkə arasında əməkdaşlığın müxtəlif sahələri əhatə etdiyini, son illərdə artıq əmək və sosial müdafiə sahəsində də əlaqələrin aktiv xarakter aldığını diqqətə çatdırıb.

S.Müslümov bildirib ki, Prezident cənab İlham Əliyevin uğurlu sosial-iqtisadi inkişaf strategiyası nəticəsində 2004-cü ildən bəri ümumi daxili məhsulun 3,4 dəfə artdığı ölkəmizdə qeyri-neft sektorunun inkişafı dinamik xarakter alıb. Son 5 ildə iqtisadiyyatın artımı əsasən qeyri-neft sektorunun inkişafı hesabına təmin olunub və onun ümumi daxili məhsulda xüsusi çəkisi artıq 60 faizə çatıb. 2015-ci ildə dövlət büdcəsinin qeyri-neft sektoru üzrə gəlirlərinin 2003, 2004, 2005-ci illərin cəmi büdcəsindən 1,4 dəfə, qeyri-neft sektorundan isə 4 dəfə çox olacağı gözlənilir. Qeyri-neft sektorunun inkişafı digər tərəfdən son 11 ildə 1 milyon 360 min yeni iş yerinin yaradılmasına imkan verib ki, bu da məşğulluq imkanlarının çoxalmasına, işsizliyin 4,9 faizə enməsinə səbəb olub. Bu və sosial rifaha təsir edən digər müsbət proseslər ölkəmizdə yoxsulluq səviyyəsinin 5 faizə enməsi ilə nəticələnib.

S.Müslümov ölkəmizin hərtərəfli inkişafına uyğun olaraq, milli əmək və sosial müdafiə sisteminin təkmilləşdirilməsi üçün əmək münasibətlərinin elektron qeydiyyatı sisteminin yaradılması, dövlət sosial yardım və əlillik müayinəsi sistemlərinin avtomatlaşdırılması, sosial xidmətlərin təşkili və s. sahələrdə aparılan islahatlardan söz açıb: "Biz bu islahatlarda inkişaf etmiş ölkələrlə, o cümlədən Avstriya ilə əməkdaşlığa, onlarla təcrübə və məlumat mübadilələrinə xüsusi önəm veririk. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Avstriya Respublikasının Əmək, Sosial Məsələlər və İstehlakçıların Müdafiəsi Nazirliyi arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində iki nazirlik arasında ikitərəfli formatda fəal əməkdaşlıq həyata keçirilir. Bu əməkdaşlıq əmək və məşğulluq, sosial təminat sahələrində qanunvericiliyin, həmçinin tibbi-sosial reabilitasiya və əmək bazarının tələblərinə uyğun peşə tədrisi sistemlərinin təkmilləşdirilməsi, aktiv əmək bazarı proqramlarının və əlillik siyasətinin inkişafı və digər sahələri əhatə edir".

Ötən müddətdə təlim və təcrübə səfərləri çərçivəsində Avstriya ilə bu sahələrdə aparılan təcrübə və məlumat mübadilələrini yüksək dəyərləndirən nazir Avropa İttifaqının "Azərbaycanda sosial xidmətlər sisteminin inkişafı" Tvinninq layihəsinin Avstriyanın müvafiq qurumu ilə birgə icra olunacağını bildirib: "Bu layihənin məqsədi ölkəmizdə sosial cəhətdən həssas əhali qruplarına sosial xidmətlərin təşkili işinin təkmilləşdirilməsinə, onların sosial inteqrasiyasına dəstək verməkdir. Cari ilin may-iyun aylarında icrasına başlanacaq bu layihə qeyd olunan sahədə qabaqcıl Avstriya təcrübəsindən istifadəyə imkan verəcək".

A.Vex iki ölkə arasında münasibətlərin inkişafından bəhs edərək, bunun müxtəlif sahələrdə, o cümlədən əmək və sosial müdafiə sahəsində əməkdaşlıq əlaqələrinə şərait yaratmasının məmnunluq doğurduğunu ifadə edib. Səfir ölkəsi ilə Azərbaycan arasında bütün istiqamətlərdə əməkdaşlığın güclənməsinə, habelə əmək və sosial müdafiə məsələləri üzrə əlaqələrin genişlənməsinə öz töhfəsini vermək üçün daim səylər göstərəcəyini vurğulayıb. Görüşdə Azərbaycan və Avstriya arasında əmək və sosial müdafiə sahəsində gələcək əməkdaşlıq istiqamətlərinə dair fikir mübadiləsi aparılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti