...

Azərbaycanda bir ildə 300 xəstənin qaraciyər transplantasiyasına ehtiyacı olur

Cəmiyyət Materials 25 Fevral 2015 13:14 (UTC +04:00)
Azərbaycanda bir ildə orta hesabla 300 xəstənin qaraciyər transplantasiyasına ehtiyacı olur.
Azərbaycanda bir ildə 300 xəstənin qaraciyər transplantasiyasına ehtiyacı olur

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycanda bir ildə orta hesabla 300 xəstənin qaraciyər transplantasiyasına ehtiyacı olur.

Mərkəzi Neftçilər Xəstəxanasının cərrahiyyə və orqan transplantasiyası söbəsinin müdiri, tibb üzrə fəlsəfə doktoru Mircəlal Kazımi Trend-ə bildirib ki, bu gün yalnız Azərbaycanda deyil, bütün dünyada qaraciyər serrozuna düçar olan xəstələrin sayı artır. Bunun səbəbi sürətlə yayılan virus hepatitləri, müxtəlif genetik xəstəliklər, alkoqolun həddindən artıq qəbulu, qidalanma rasionunun pozulması nəticəsində qaraciyərin yağlanması, göbələk və digər toksik maddələrlə zəhərlənmələr və s.-dir.

M.Kazımi deyib ki, dünyanın aparıcı elmi tədqiqat mərkəzlərinin elmi araşdırmalarının nəticələrinə görə, dünyada bir ildə hər 1 milyon əhalinin orta hesabla 40-nın qaraciyəri transplantasiya olunmalıdır. Bu hesabla Azərbaycanda bir ildə 300 xəstənin qaraciyər transplantasiyasına ehtiyacı olmalıdır.

Hazırda Azərbaycanda həm böyrək, həm də qaraciyər transplantasiyasının uğurla həyata keçirildiyini xatırladan M.Kazımi qeyd edib ki, bütün dünyada olduğu kimi Azərbaycanda da transplantasiyaya ehtiyacı olan xəstələrin sayı ilə onların canlı donorları arasında tərs mütənasiblik var. Ona görə də donor sayını artırmaq üçün qan qrupu uyğun olmayan insanlardan bir-birinə orqan transplantasiyası əməliyyatını icra etmək istəyirlər: "Bu üsulu təxminən 1 ildir ki, planlaşdırırıq. Amma bu prosedur daha böyük maliyyə vəsaiti tələb edir. Ona görə də belə əməliyyatların tətbiqinə başlaya bilməmişik".

M.Kazımi əlavə edib ki, son vaxtlar Azərbaycanda öz orqanlarını donor kimi başqalarına bağışlamaq istəyən insanların sayı artır: "Əhali arasında aparılan sorğu nəticəsində aşkar olunub ki, insanlarımız orqanlarını bağışlamağa hazırdırlar. Hətta bununla bağlı bizə müraciət edənlər də olub".

Onun fikrincə, orqan bağışlanması kimi gözəl tendensiyanı yaymaqdan ötrü bu məsələnin KİV-lər tərəfindən daha çox işıqlandırılması, müxtəlif universitet ve təşkilatlarda seminar və toplantıların keçirilməsi, sosial şəbəkə və televiziya ekranlarında sosial çarxların yayımlanması lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti