...

Dilçilik İnstitutu xəbər saytlarında apardığı monitorinqin ilkin nəticəsini açıqladı

Cəmiyyət Materials 25 Fevral 2015 14:10 (UTC +04:00)
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün apardığı monitorinqin ilkin nəticələrini açıqlayıb.
Dilçilik İnstitutu xəbər saytlarında apardığı monitorinqin ilkin nəticəsini açıqladı

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir İlhamə İsabalayeva/

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Dilçilik İnstitutu ölkədə fəaliyyət göstərən xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün apardığı monitorinqin ilkin nəticələrini açıqlayıb.

Dilçilik İnstitutunun Monitorinq şöbəsinin müdiri Qulu Məhərrəmli Trend-ə deyib ki, bu gün televiziyada, yazılı mətbuatda olan dil mənzərəsi saytlarda da var. Lakin saytlarda bu sahədə vəziyyət daha ağırdır: "Çünki saytı açan şəxslər dilə çox da önəm vermirlər. Hiss olunur ki, Azərbaycan dilinin qaydalarına çox da əməl etmirlər. Amma müsbət cəhət odur ki, bu sahədə dil çox geniş işlənilir. Digər tərəfdən, dilin funksional baxımdan imkanları saytlarda yaxşı ifadə olunur. Bunlar çox yaxşıdır, amma dil normalarının işlənməsi baxımından problemlər var".

Saytlarda aşkar olunan nöqsanları açıqlayan Q.Məhərrəmli deyib ki, xəbər saytlarında bəzən məntiqi nüanslar unudulur, alınma sözlərdən çox istifadə edilir.

İnstitut rəsmisi hesab edir ki, ən qorxulu tendensiyalardan biri feillərə xoşagəlməz münasibətin olmasındadır: "Məsələn, Azərbaycan dilində "başlamaq" sözü var, amma bir çox televiziyalarda, qəzetlərdə olduğu kimi, saytlarda da bu söz "start götürmək"lə əvəz olunur. Bu isə yolverilməzdir. Bundan başqa, "baş tutmaq" feili yeri gəldi-gəlmədi, məna fərqi anlanılmadan işlədilir. Əgər bir hadisənin olması planlaşdırılırsa, ona "baş tutdu" demək olmaz. "Baş tutmaq" sözünü o halda işlətmək olar ki, bu, hər hansı görüşlə bağlı olsun. Məsələn, Minskdə Rusiya, Fransa, Almaniya dövlət başçılarının görüşü olacaq. Amma Putin iştirak etsə, bu görüş baş tutacaq, iştirak etməsə, baş tutmayacaq. Onda da yazmaq olar ki, Minskdə görüş baş tutdu".

Q.Məhərrəmli əlavə edib ki, xəbər saytlarında ədəbi dilin işlənmə vəziyyətini araşdırmaq üçün aparılan monitorinqlər martın 10-dək yekunlaşacaq. Bununla bağlı ictimiyyətə daha geniş məlumat veriləcək.

Qeyd edək ki, monitorinqə ölkədə fəaliyyət göstərən 15 aparıcı xəbər saytı cəlb edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti