...

Şamaxıda "Ənənəvi İslam dəyərləri və müasirlik" mövzusunda konfrans işə başlayıb

Cəmiyyət Materials 10 Mart 2015 19:35 (UTC +04:00)

Azərbaycan, Bakı, 10 mart /Trend/

Martın 10-da Şamaxı şəhər İncəsənət Təhsil Mərkəzində "Ənənəvi islam dəyərləri və müasirlik" mövzusunda ikigünlük regional konfrans işə başlayıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, komitənin Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə keçirdiyi regional konfransda Şamaxı, İsmayıllı, Ağsu və Qəbələ rayonlarından dini icmaların rəhbərləri, din xadimləri, ziyalılar və gənclər iştirak ediblər.

Konfrans iştirakçıları əvvəlcə Şamaxının mərkəzində Ümummilli Lider Heydər Əliyevin abidəsini ziyarət edib, Ulu Öndərə öz ehtiramlarını bildiriblər.

Rayon icra hakimiyyətinin başçısı Asif Ağayev konfransı açaraq dövlət-din münasibətlərindən, ölkəmizdəki tolerantlıq ənənələrindən, cəmiyyətdə sabitliyin möhkəmləndirilməsində maarifçiliyin əhəmiyyətindən danışıb.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı konfransda çıxış edərək, Azərbaycanda ümumbəşəri dəyərlərə malik olan İslamın tarixi, milli-mənəvi dəyərlərimizdə yeri, bu dəyərlərin yad təsirlərdən qorunması ilə əlaqədar zərurətdən bəhs edib.

Mübariz Qurbanlı geosiyasi maraqların getdikcə şiddətlənməsinin təhlükəli həddə çatdığını, belə bir şəraitdə dünyada radikalizm meyillərinin güclənərək dəhşətli nəticələrə səbəb olduğunu vurğulayıb. Qeyd olunub ki, bu gün bəzi müsəlman ölkələrində baş verən hadisələr, silahlı toqquşmalar məhz geosiyasi maraqlardan irəli gəlir. İslamı istəməyən qüvvələr onu siyasiləşdirərək daxildə qarışıqlıq yaratmaqla gözdən salmağa çalışır, terrorla əlaqələndirmək istəyirlər. Komitə sədri bu cür hallara qarşı birgə mübarizənin əhəmiyyətindən, bu sahədə maarifləndirmənin zəruriliyindən danışıb.

Konfransda bildirilib ki, Azərbaycanda olan tolerantlıq, dövlət-din münasibətləri digər ölkələr üçün də nümunə ola bilər. Bu münasibətlər uzun illərdən bəri zamanın sınağından çıxaraq bu günümüzədək gəlib çatıb. Bu ənənənin qorunub saxlanılmasında hər kəsin, xüsusən də din xadimlərinin, ziyalıların üzərinə böyük məsuliyyət düşür.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti