...

Azərbaycanda üzücü statistika: son 5 ildə onların sayı 35 faizdən artıq çoxalıb

Cəmiyyət Materials 12 Mart 2015 15:00 (UTC +04:00)
Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 37 932 nəfərə çatıb. Bu barədə Trend-ə Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli deyib.
Azərbaycanda üzücü statistika: son 5 ildə onların sayı 35 faizdən artıq çoxalıb

Azərbaycan, Bakı, 12 mart /Trend, müxbir İlhamə İsabalayeva/

Son 5 ildə Azərbaycanda onkoloji xəstələr 35 faizdən artıq çoxalıb.

Azərbaycan Səhiyyə Nazirliyinin baş onkoloqu Azad Kərimli Trend-ə bildirib ki, 2014-cü ilin sonuna olan məlumata əsasən Azərbaycanda onkoloji xəstələrin sayı artaraq 37 932 nəfərə çatıb.

Onun sözlərinə görə, 2013-cü ildə ölkədə 34 681 nəfər, 2012-ci ildə 31 954, 2011-ci ildə 28 685 nəfər, 2010-cu ildə isə 28 052 nəfər onkoloji xəstə qeydiyyatda olub.

2014-cü ildə Azərbaycanda 9556 nəfər onkoloji xəstə kimi qeydiyyata götürülüb. Onların 9543 nəfərinə həyatında ilk dəfə onkoloji diaqnoz qoyulub. Xəstələrin 1976-da bu xəstəlik profilaktik baxış zamanı aşkarlanıb. Xəstəlik onkoloji xəstələrin 4256-da xəstəliyin I və II mərhələsində, 3075-də III mərhələsində, 2212-də IV mərhələdə aşkarlanıb.

Hazırda ölkədəki onkoloji xəstələrin 13 582 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır. Bütün dünyada olduğu kimi, Azərbaycanda ən çox təsadüf olunan onkoloji xəstəlik traxiya-bronx-ağciyər xərçəngidir. Bu xəstəliyə ən çox kişilərdə rast gəlinir. Ötən il 1189 nəfər bu xəstəlik diaqnozu ilə qeydiyyata götürülüb. Ümumilikdə Azərbaycanda 1889 nəfər traxiya-bronx-ağciyər xərcəngi diaqnozu ilə qeydiyyatdadır.

Baş onkoloq bildirib ki, qadınlarda daha çox süd vəzisi xərcəginə təsadüf olunur. 2014-cü ildə 1563 xəstəyə süd vəzisi xərçəngi diaqnozu qoyulub. Ümumilikdə hazırda Azərbaycanda 9712 nəfərdə süd vəzisi xərcəngi xəstəliyi var. Onlardan 4304 nəfəri 5 və 5 ildən yuxarı müddətdə bu diaqnozla yaşayanlardır.

Onun sözlərinə görə, ölkədə onkoloji xəstələrin sayı artsa da, bu artım bir çox ölkələrlə müqayisədə xeyli aşağıdır.

Onkoloji xəstəliklərin irsi ötürülmə göstəricilərinə gəldikdə isə A.Kərimli qeyd edib ki, bu xəstəlik 3-5 faiz halda irsi meylliliyə malikdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti