...

Azərbaycan hüquqşünasları üçün yeni imkan

Cəmiyyət Materials 18 Mart 2015 17:28 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir İlkin İzzət/

Ali Məhkəmədə hüquq lüğətinin təqdimatı olub.

Trend xəbər verir ki, bu gün Ali Məhkəmədə rusca-azərbaycanca izahlı hüquq lüğətinin təqdimatı olub.

Ali Məhkəmənin təşəbbüsü ilə hazırlanan lüğətin müəllifləri Ali Məhkəmənin sədri Ramiz Rzayev, Bakı Slavyan Universitetinin professoru, filologiya elmlər doktoru Rafiq Novruzov və Ali Məhkəmənin məsul işçisi Könül Əliyevadır.

Mərasimdə çıxış edən Ali Məhkəmənin sədri R.Rzayev bildirib ki, rusca-azərbaycanca izahlı hüquq lüğəti müasir qanunvericiliyin, həmçinin beynəlxalq hüququn bütün sahələrini özündə əhatə edən 33 mindən artıq söz və söz birləşməsini özündə əks etdirir: "Bu günədək hüquq sahəsində ilk belə lüğət 1961-ci ildə hazırlanıb. O gündən bu vaxtadək çox şey dəyişib. Azərbaycanda hüquq sahəsində islahatlar aparılıb, qanunlarımız demək olar ki, Avropa standartlarına uyğun olaraq yenidən tərtib edilib. Həm də artıq yeni terminlər meydana gəlib. Onları Azərbaycan dilinə tərcümə etməklə yanaşı, onların izahını da vermək lazımdır".

Qeyd edilib ki, bu lüğət "İzahlı hüquq lüğətləri" adlı böyük layihənin mühüm tərkib hissəsidir. Lüğətin redaktoru professor İsmayıl Məmmədlidir. "İzahlı hüquq lüğətləri" adlı layihə çərçivəsində 2012-ci ildə "Azərbaycanca-rusca izahlı hüquq lüğəti" və "Azərbaycanca-ingiliscə hüquq lüğəti (izahla)" nəşr olunub. Lüğətlərin fərqləndirici cəhətlərindən biri də burada hüquqi terminlərlə yanaşı, hərbi, vergi, maliyyə, gömrük, sahibkarlıq fəaliyyəti ilə əlaqədar yaranan yeni terminlərə geniş yer verilməsidir.

Kitabların müəlliflərindən biri, filologiya elmləri doktoru Rafiq Novruzov vurğulayıb ki, müstəqillik əldə etdikdən sonra ölkəmizin hüquq sistemində edilən dəyişikliklər yeni nəşrlərin meydana gəlməsinə təkan verib. Yeni nəşr həm məhkəmə işçilərinin, həm də biznesin müxtəlif sahələri, hüquq sistemləri, təşkilatları ilə əlaqələr quran müasir istifadəçilərin tələblərinə uyğun, həmçinin sorğuların, məktubların, ərizə və bank sənədlərinin hazırlanması ilə bağlı yaranan sualların həll olunması məqsədilə tərtib edilib.

Ali Məhkəmənin məsul işçisi Könül Əliyeva isə deyib ki, hüququn müxtəlif sahələrini (mülki, cinayət, hərbi, beynəlxalq, mühasibat, bank və s.) əhatə edən lüğət, həmçinin tibbə, iqtisadiyyata, maliyyəyə, müqavilə təcrübəsinə, birja, sığorta, xarici ticarət və hərbi fəaliyyətə aid termin və anlayışları özündə birləşdirir. 2015-ci ildə "Nurlar" Nəşriyyat-Poliqrafiya Mərkəzi tərəfindən nəşr olunan kitab hüquqşünaslar, hüquq-mühafizə orqanlarının əməkdaşları, iqtisadi strukturlarda çalışanlar, maliyyəçilər, tərcüməçilər, alimlər, hüquq və beynəlxalq hüquq fakültələrinin müəllim, professor və tələbə heyəti üçün, hüquq ixtisası üzrə təhsil alan tələbələr, xüsusi sahibkarlıq fəaliyyəti ilə məşğul olanlar, eləcə də geniş oxucu kütləsi üçün nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti