Azərbaycan, Bakı, 15 aprel /Trend/
Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfiri Robert Sekuta Gəncə şəhərindədir. Səfir Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevlə görüşüb.
Görüş zamanı İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev səfiri salamlayaraq, 4000 illik qədim və zəngin tarixə malik olan Gəncənin sosial-iqtisadi və mədəni inkişafı, sənaye potensialı, beynəlxalq əlaqələrinin genişləndirilməsi, möhkəmləndirilməsi, inkişaf və tərəqqi ilə bağlı yeni istiqamətlərin müəyyənləşdirilməsi haqqında ətraflı məlumat verib. 2016-Avropanın Gənclər Paytaxtı Gəncədə yeni layihələrin və mühüm tədbirlərin həyata keçirilməsindən, görüləcək işlərdən danışıb.
Səfir Robert Sekuta çox gözəl və füsunkar şəhər olan Gəncəyə səfərindən məmnun qaldığını bildirərək qeyd edib ki, Azərbaycanla ABŞ arasında birgə əməkdaşlıq münasibətləri, sıx əlaqələr ölkələrimizin inkişafına öz töhfələrini verəcək, xalqlarımız arasında yaranan dostluq və həmrəylik münasibətlərini möhkəmləndirəcək. Səfir Gəncənin memarlıq üslubuna və yaşıllıqlara bürünməsindən zövq aldığını, Gəncə şəhərinin XXI əsr tələblərinə uğun yenidən qurulmasından məmnun olduğunu bildirdi.
Sonda xatirə hədiyyələri təqdim edilib.