...

Azərbaycanda reklamlarla bağlı yeni qadağalar qəbul edildi

Cəmiyyət Materials 15 May 2015 12:13 (UTC +04:00)
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Reklam haqqında” Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Azərbaycanda reklamlarla bağlı yeni qadağalar qəbul edildi

Azərbaycan, Bakı, 15 may /Trend, müxbir Elçin Mehdiyev/

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Reklam haqqında" Azərbaycan Respublikası Qanununun layihəsi üçüncü oxunuşda müzakirəyə çıxarılıb.

Trend-in məlumatına görə, İqtisadi siyasət komitəsinin üzvü Vahid Əhmədov deyib ki, qanun layihəsinin üçüncü oxunuşda müzakirəyə təqdim olunan mətnində birinci və ikinci oxunuş zamanı millət vəkillərinin verdikləri təkliflər nəzərə alınıb.

V.Əhmədov bildirib ki, qanun layihəsində sosial və kommersiya reklamlarının fərqi açıq şəkildə göstərilib.

Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Qeyd edək ki, qanun layihəsində bir sıra qadağalar nəzərdə tutulur. Belə ki, yeni qanun layihəsinə əsasən, Azərbaycanda dərslik, dərs vəsaiti, tədris materialı, məktəb gündəliyi, dəftər, albom, yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş kitabda reklam yerləşdirilə bilməz. Həmçinin yetkinlik yaşına çatmayanlar üçün nəzərdə tutulmuş dövri mətbu nəşrlərdə onlara aid olmayan əmtəələrin, alkoqollu içkilərin reklamı qadağandır.

Bununla yanaşı, teatr tamaşasının gedişində və kinofilmlərin nümayişi zamanı reklamın yayımlanması qadağan edilir.

Yeni layihəyə əsasən, dövlət və bələdiyyə orqanlarının yerləşdiyi binalarda, tarixi və memarlıq abidələrinə aid edilmiş tikililərdə reklamın yerləşdirilməsi qadağan edilir.

Eyni zamanda, Azərbaycan ərazisində hərbi təyinatlı bütün növ silahların, texnikanın (icazə verilmiş ov və idman silahları istisna olmaqla) reklamı qadağan edilir. Yeni layihəyə əsasən, hərbi təyinatlı silahların və texnikanın reklamı Azərbaycanın xarici ölkələrlə hərbi-texniki əməkdaşlığı çərçivəsində keçirilən beynəlxalq tədbirlərdə və sərgilərdə ola bilər.

Həmçinin yeni qanun layihəsinə əsasən, mərc oyunlarının, lotereyaların açıq məkanda reklamı uşaq və təhsil, səhiyyə müəssisələrindən ən azı 100 metr uzaqda olan reklam daşıyıcılarında yerləşdirilməlidir.

Yeni qanun layihəsində Azərbaycanda idman-mərc oyunlarının reklam vaxtının məhdudlaşdırılaraq axşam saat 23:00-dan səhər saat 07:00-a qədər yayımlanması, sosial reklamların isə səhər saat 09:00-dan axşam saat 00:00-a qədər yayımlanması təklif olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti