Azərbaycan, Bakı, 1 iyun /Trend, müxbir İlhamə İsabalayeva/
Azərbaycanda həkimlərin mərkəzləşdirilmiş işə qəbulu ilə bağlı Səhiyyə Nazirliyi (SN) tərəfindən keçirilən son müsabiqənin nəticələri açıqlanıb.
Nazirlikdən Trend-ə verilən məlumata görə, müsabiqə nəticəsində 142 həkim işə qəbul olunub. Müsabiqənin nəticələri nazirliyin saytında yerləşdirilib.
Müsahibədən müvəffəqiyyətlə keçmiş həkimlər iyunun 3-dən Səhiyyə Nazirliyinin "Elektron səhiyyə" xidmətindən iş yerlərinə göndərişləri ala bilərlər.
Qeyd edək ki, "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı"nın icrası ilə bağlı Azərbaycan Səhiyyə Nazirliyinin kollegiyasının 18 yanvar 2013-cü il tarixli 3 nömrəli qərarına əsasən, nazirliyin tabeliyində olan tibb müəssisələrində vakant elan edilmiş yerlərə həkimlərin işə qəbulu mərkəzləşdirilmiş qaydada aparılır.
2014-cü ildə Azərbaycanda 631 həkim mərkəzləşdirilmiş qaydada keçirilən test imtahanının nəticələri əsasında işə qəbul olunub.