Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir İlkin İzzət/
May ayında Azərbaycanda 168 ədəd partlamamış hərbi sursat (PHS) aşkar edilərək zərərsizləşdirilib.
Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyinin (ANAMA) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, 2015-ci ilin may ayı ərzində 2,482,470 kvadrat metr ərazi yoxlanılıb, mina və partlamamış hərbi sursatdan (PHS) təmizlənib.
Əməliyyatlarda 484 nəfər minaaxtaran mütəxəssis və 115 nəfər yardımçı heyət iştirak edir. Həmçinin əməliyyatlarda 6 mexaniki minatəmizləmə maşını və 36 minaaxtaran it iştirak edir.
İndiyədək 287,183,462 kvadrat metr ərazi təmizlənib. Tapılıb zərərsizləşdirilmiş mina və PHS-lərin sayı 690,272-dir.
Agentlik tərəfindən təmizləmə əməliyyatları Gəncə, Ağcabədi, Ağdam, Beyləqan, Xocavənd, Lənkəran, Ağstafa, Füzuli, Qazax, Goranboy, Tovuz, Qaradağ, Abşeron və Tərtər rayonlarında davam etdirilir.
May ayı ərzində ölkədə mina/PHS hadisəsi qeydə alınmayıb, zərərçəkən olmayıb.