...

Polşa məktəblərində Azərbaycan mövzusuna maraq (FOTO)

Cəmiyyət Materials 2 İyul 2015 16:03 (UTC +04:00)
Bu gün Polşanın Vitold Zqlenitski adına Gimnaziyasında dərs ilinin bitməsi ilə əlaqədar təntənəli tədbir təşkil olunub.
Polşa məktəblərində Azərbaycan mövzusuna maraq (FOTO)

Azərbaycan, Bakı, 2 iyul /Trend/

Bu gün Polşanın Vitold Zqlenitski adına Gimnaziyasında dərs ilinin bitməsi ilə əlaqədar təntənəli tədbir təşkil olunub. Tədbirdə Azərbaycanın Polşadakı səfiri Həsən Həsənov, Serotsk şəhər meri Silvester Sokolnitski, Vitold Zqlenitski adına Gimnaziyanın direktoru Malqojata Kolon, gimnaziyanın müəllim və şagird heyəti, valideyinlər iştirak ediblər.

Azərbaycanın Polşadakı səfirliyindən Trend-ə verilən məlumata görə, tədbiri giriş sözü ilə açan direktor Malqojata Kolon tədbir iştirakçılarını salamlayıb, gimnaziyanın məzunlarına səmimi arzularını çatdırıb və qədəm atacaqları yeni həyatda onlara uğurlar diləyib.

Daha sonra söz səfir H.Həsənova verilib. Səfir öz çıxışı zamanı, həmçinin məzunları və onların valideyinlərini təbrik edib, həyatlarının yeni mərhələsində onlara müvəffəqiyyətlər arzulayıb. Uzun illər Bakıda fəaliyyət göstərən polşalı mühəndis Vitold Zqlenitskinin adını daşıyan məktəbin şagirdlərinin də məhz Azərbaycanın tarix və mədəniyyətinə olan marağının çox sevindirici bir hal olduğunu qeyd edib. Bunu nəzərə alaraq, diplomat Azərbaycanın tarixi, ədəbiyyatı, mədəniyyəti və incəsənəti haqqında səfirlik tərəfindən polyak dilində nəşr olunan kitabları və Bakıda keçirilən birinci Avropa Oyunlarını əks etdirən açıqcaları gimnaziyanın kitabxanasına hədiyyə edib.

Həmçinin hər il olduğu kimi, bu il də gimnaziyada məktəblilər arasında Azərbaycan mövzusuna həsr edilmiş inşa müsabiqəsinin keçirildiyini qeyd edən səfir ən yaxşı inşa yazısının müəllifi, gimnaziyanın builki məzunu Anna Piençuka Azərbaycan-Polşa diplomatik əlaqələrinin qurulmasının 540 illliyi münasibətilə təsis edilmiş medal təqdim edib.

Çıxışının sonunda H.Həsənov iki ölkə arasında gündən-günə inkişaf edən əlaqələrin məhz Polşa və Azərbaycan gənclərinin simasında daha da möhkəmlənəcəyinə inandığını bildirib.

Tədbirin sonunda məzunlara təhsillərini bitirmələri haqqında şəhadətnamələr, bir sıra fəal tələbələrə isə müxtəlif mükafatlar təqdim edilib.

Tədbir şagirdlər tərəfindən hazırlanmış bədii hissə ilə başa çatıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti