...

Ombudsman Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüb

Cəmiyyət Materials 10 İyul 2015 20:02 (UTC +04:00)
Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri xanım Lali Papiaşvili və Otar Sicinavanı qəbul edib.
Ombudsman Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri ilə görüşüb

Azərbaycan, Bakı, 10 iyul /Trend/

Azərbaycanın insan hüquqları üzrə müvəkkili Elmira Süleymanova ölkəmizdə səfərdə olan Gürcüstan Konstitusiya Məhkəməsinin hakimləri xanım Lali Papiaşvili və Otar Sicinavanı qəbul edib.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, ombudsman Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsinin mühüm prioritetlərdən olduğunu, demokratiyanın inkişaf etdiyini vurğulayaraq, beynəlxalq hüquq normalarına, qanunun aliliyinə əməl olunmasının zəruriliyini qeyd edib.

E.Süleymanova 2001-ci ildə Avropa İnsan Hüquqları Konvensiyasının ölkəmiz tərəfindən ratifikasiyasından dərhal sonra "Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) haqqında" Konstitusiya Qanununun qəbul edildiyini və 2 iyul 2002-ci il tarixdə Azərbaycanın ilk ombudsmanının seçildiyini söyləyib.

Təsisatın yarandığı ilk dövrdən çevik və dinamik inkişaf yolu keçdiyi, özünü təsdiqlədiyi, ombudsmanın əməli hüquq-müdafiə fəaliyyəti göstərməklə yanaşı, insanların hüquqlarının müdafiəsi və təmin edilməsi, vətəndaşların qəbulu və müraciətlərinin araşdırılması istiqamətindəki fəaliyyəti, əhalinin müxtəlif təbəqələri arasında aparılan hüquqi maarifləndirmə işi diqqətə çatdırılıb.

Bildirilib ki, Ombudsman öz fəaliyyətini normativ-hüquqi bazanın təkmilləşdirilməsi, əhalinin müxtəlif qruplarının hüquqlarının müdafiəsi, dövlət orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi, insan hüquqları sahəsində tədris, elmi-analitik və maarifləndirmə, habelə insan hüquqları sahəsində beynəlxalq təşkilatlarla əməkdaşlıq istiqamətlərində davam etdirir.

Qeyd olunub ki, BMT-nin "İşgəncə və digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar və ya cəza əleyhinə Konvensiya"sının Fakültativ Protokolunun təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Bu Protokolun icrasının təmin edilməsi barədə ölkə Prezidentinin müvafiq Sərəncamı ilə milli preventiv mexanizmin (MPM) funksiyalarını yerinə yetirən təsisat qismində müəyyən olunduqdan sonra bu sahədə fəaliyyətin daha səmərəli aparılması üçün Ombudsmanın ölkədə azadlıqdan məhrum edilmiş və ya azadlığı başqa cür məhdudlaşdırılmış şəxslərin saxlandığı müəssisələrə müntəzəm baxışlar keçirdiyi vurğulanıb.

Müvəkkilin əhalinin müxtəlif qruplarının hüquqları üzrə ixtisaslaşmış müşavirlərinin iş təcrübəsi də vurğulanıb.

Ombudsmanın fəaliyyətində əhalinin bütün qruplarının, o cümlədən qaçqın və məcburi köçkünlərin pozulmuş hüquqlarının bərpası və təmin edilməsi üzrə işin mühüm istiqamətlərdən olduğu qeyd edilib.

Ombudsman təsisatının digər dövlət orqanları ilə yanaşı, Konstitusiya Məhkəməsi ilə də qarşılıqlı əməkdaşlıq əlaqələrinin qurulduğu bildirilib. Müvəkkilin mandatına uyğun olaraq, ölkə həyatında cəmiyyəti maraqlandıran və narahat edən ən aktual məsələlərlə bağlı Konstitusiya Məhkəməsinə indiyədək 27 sorğu ünvanlanıb. Həmin sorğulardan 17-i üzrə bu məhkəmənin Plenumu tərəfindən qərarlar, 10 iş üzrə isə Palata tərəfindən qərardadlar qəbul edilib.

Hazırda Konstitusiya Məhkəməsinə göndərmək üçün yeni sorğular üzərində iş aparıldığı qeyd olunub.

Son illərdə hakim vəzifəsinə namizədlərin seçilməsinin və hakimlərin fəaliyyətinin qiymətləndirilməsinin təkmilləşdirildiyi, Müvəkkilin və Aparatın əməkdaşlarının onlar üçün insan hüquqları ilə bağlı mühazirələr oxuduğu diqqətə çatdırılıb.

Müvəkkilin fəaliyyətinin ilk vaxtlarından beynəlxalq əməkdaşlığa önəm verildiyi, 13 ölkənin ombudsman təsisatları ilə insan hüquqları sahəsində ikitərəfli sazişlərin imzalandığı, E.Süleymanovanın Beynəlxalq və Avropa Ombudsmanlar institutlarının, Asiya Ombudsmanlar Assosiasiyasının, habelə Avropa Uşaq Hüquqları Ombudsmanları Şəbəkəsinin üzvü olduğu diqqətə çatdırılıb. Ölkəmizdə İnsan Hüquqlarının Müdafiəsi üzrə Milli Fəaliyyət Proqramının (MFP) uğurla icra olunduğu, Müvəkkil tərəfindən respublikamızın hər bir rayonunda ictimai dinləmələrin, habelə yekun konfransların keçirildiyi diqqətə çatdırılıb.

Ombudsman təsisatının insan hüquqları sahəsində maarifləndirmə işinə də önəm verdiyi bildirilib. Bir sıra mühüm hüquqi ədəbiyyatın nəşr olunduğu, paytaxt və regionlarda birgə hüquqi maarifləndirmə tədbirlərinin, treninq-seminarların təşkil edildiyi vurğulanıb.

L.Papiaşvili Azərbaycan ombudsmanının insan hüquqlarının müdafiəsi sahəsində zəngin və çoxşaxəli fəaliyyətini, həmçinin təsisatın ölkə Konstitusiya Məhkəməsi ilə səmərəli əməkdaşlığını yüksək qiymətləndirib.

Qonaqlar səmimi qəbul və ətraflı məlumat üçün E.Süleymanovaya təşəkkürlərini bildiriblər.

Görüşdə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayev və məhkəmənin digər məsul əməkdaşları iştirak ediblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti