...

Azərbaycanda mükafatlandırılan jurnalistlər bəlli oldu

Cəmiyyət Materials 20 İyul 2015 10:44 (UTC +04:00)
Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin bir qismi mükafatlandırılıb.
Azərbaycanda mükafatlandırılan jurnalistlər bəlli oldu

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Azərbaycanda fəaliyyət göstərən jurnalistlərin bir qismi mükafatlandırılıb.

Trend-in məlumatına görə, bu gün Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun (KİVDF) 22 iyul - Mətbuat günü münasibəti ilə elan etdiyi fərdi jurnalist yazı müsabiqəsinin qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.

Tədbirdə çıxış edən Fondun icraçı direktoru Vüqar Səfərli bildirib ki, müsabiqəyə 64 KİV-lərdən 153 yazı daxil olub. Onlardan 111-i qalib elan edilib. Onun sözlərinə görə, müsabiqədə 114 qalib nəzərdə tutulsa da, müəyyən istiqamətlərlə bağlı müsabiqəyə yazı təqdim edilməyib.

Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin professoru Cahangir Məmmədli çıxışında qeyd edib ki, bu yazı müsabiqəsində inkişaf göz qabağındadır: "Bunu mən müşahidə edirəm. Ancaq yazılarda jurnalistin fərdi üslubu az müşahidə edilir. Hesab edirəm ki, jurnalistin yazılarda fərdi üslubu da müşahidə edilməlidir. Digər bir problem isə internet resurslarından çox istifadə edilməsidir".

"İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə isə tədbirdə bildirib ki, müsabiqəyə təqdim edilən bəzi yazılarda qeyd olunan ekspertlər düzgün seçilmir: "Bəzi yazılarda qüsurlar da olur. Ancaq ötən müsabiqələrə nisbətən araşdırma yazıları çoxdur. Ümumiyyətlə, yazılarda müsbət tendensiya müşahidə edilir".

"Yeni Azərbaycan" qəzetinin baş redaktoru Hikmət Babaoğlu çıxışında vurğulayıb ki, müsabiqəyə təqdim olunan məqalələrdə analitik yazı üslublarından çox az istifadə edilir.

Tədbirin sonunda qalib jurnalistlər mükafatlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti