...

Azərbaycanda söz və məlumat azadlığına təhlükə yaradanlar ən ağır cəzanı çəkəcəklər

Cəmiyyət Materials 10 Avqust 2015 19:26 (UTC +04:00)

Elçin Mehdiyev

Avqustun 9-u faciə baş verdi. Aldığı zərbələr nəticəsində jurnalist Rasim Əliyev dünyasını dəyişdi. Günahkarlar şübhəsiz cəzalarını alacaqlar. Ancaq istənilən halda hər bir insanın ölümü onun yaxınları, dostları, əzizləri üçün faciədir.

Baş verənləri necə qiymətləndirmək olar? Bu sualı Azərbaycan Prezidenti İlham Əliyev cavablandırdı.

Dövlət rəhbəri bu faktı söz və məlumat azadlığına, kütləvi informasiya vasitələrinin müstəqilliyinə təhlükə kimi qiymətləndirdi. Azərbaycan Prezidenti qeyd etdi ki, demokratik prinsiplərin mühüm tərkib hissəsi olan KİV azadlığının təmin edilməsi Azərbaycan dövlətinin ali məqsədi və prioritet vəzifələrindən biridir: "Bu prinsipin pozulması dövlətin maraqlarına və həyata keçirilən siyasətin mahiyyətinə tamamilə ziddir və yolverilməzdir".

Milli Mətbuat Günündən heç bir ay keçməyib. İyulun 21-də Milli Mətbuatın yaradılmasının 140 illiyi münasibətilə Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşündə Prezident İlham Əliyev bildirmişdi: "Bir daha demək istəyirəm ki, demokratik inkişafı azad mətbuatsız təsəvvür etmək mümkün deyil. Bir daha demək istəyirəm, həm jurnalistlər bunu bilsinlər, həm bizim ictimaiyyət də bir daha Azərbaycanın rəsmi mövqeyini eşitsin ki, Azərbaycanda gələcəkdə də bütün azadlıqların təmin olunması siyasəti davam etdiriləcək. Bu, bizim üçün prioritet məsələdir və ölkəmiz məhz bu yolla uğurla inkişaf edə bilər".

Yəni, jurnalist Rasim Əliyevin ölümündə günahkar olanlar nəinki ən müqəddəs varlıq - insan həyatına, həmçinin Azərbaycan vətəndaşlarının azadlıqlarının təmin edilməsindən ibarət olan siyasətinə qəsd ediblər.

Cəzanın ağır olacağına şübhə etmək lazım deyil. Elə bu görüşdə Prezident İlham Əliyev mövcud sosial ədalətsizliyə, məmur özbaşınalığına, korrupsiya, rüşvətxorluq və insan haqlarının pozulması məsələsinə toxunaraq bildirmişdi: "Əlbəttə, biz bütün bunları bilməliyik və reaksiya verilməlidir. Əgər reaksiya verilməyəcəksə, o pozuntuları törədənlər daha da böyük pozuntular törədəcək. Ona görə, mətbuatın burada nadir rolu var. Mən bunu sizə çox səmimi şəkildə deyirəm və sizdən xahiş edirəm, bu sahədə öz fəaliyyətinizi gələcəkdə də davam etdirəsiniz ki, həm ictimaiyyət, həm o pozuntuları edən məmurlar bilsinlər ki, heç bir yanlış hərəkət reaksiyasız qalmayacaq".

Avqustun 8-də saat 18.00 radələrində Ann.az saytının əməkdaşı jurnalist Rasim Əliyev Səbail rayonu, Bayıl qəsəbəsi ərazisində fəaliyyət göstərən "Bayıl market" mağazasının qarşısında bir qrup naməlum şəxslər tərəfindən döyülərək çoxsaylı bədən xəsarətləri ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib və aldığı xəsarətlərdən avqustun 9-da saat 05.00 radələrində orada vəfat edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti