...

Kolleclərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi başlayır

Cəmiyyət Materials 13 Avqust 2015 17:07 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edir.
Kolleclərə qəbul olmaq istəyənlər üçün ixtisas seçimi başlayır

Azərbaycan, Bakı, 13 avqust /Trend, müxbir İlhamə İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) tam orta təhsil bazasında (11 illik) orta ixtisas təhsili müəssisələrinə avqustun 14-dən 19-dək internet vasitəsilə ixtisas seçimi elan edir.

Komissiyadan Trend-ə verilən məlumata görə, ixtisas seçimi cari ilin məzunları üçün buraxılış imtahanının nəticələrinə, orta məktəbi əvvəlki illərdə və ya xarici ölkələrdə bitirən abituriyentlər üçün isə iyulun 2-də keçirilmiş eyni məzmunlu test imtahanının nəticələrinə əsasən aparılır.

Müsabiqədə ümumi balı 20-dən, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə minimal balı 8-dən az olmayan ( xarici dil fənninə nisbi bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər iştirak edə bilərlər.

Orta ixtisas məktəblərinin qəbul aparılan ixtisasları "Abituriyent" jurnalının 5-ci sayında dərc olunub.

Qeyd edək ki, ali təhsil müəssisələrinə I mərhələdə qəbul olmayan abituriyentlər orta ixtisas təhsili müəssisələrinə də ərizə təqdim ediblərsə, onlar öz elektron ərizələrində ali təhsil müəssisələrinin boş qalan yerləri ilə yanaşı, orta ixtisas təhsili müəssisələrinin də ixtisaslarını göstərə bilərlər. Ali təhsil müəssisələrinin boş qalan (vakant) plan yerlərinin siyahısı "Abituriyent" jurnalının 8-ci sayında dərc olunacaq.

İxtisas seçmək hü­ququ olan abituriyent ali təhsil müəs­si­sə­lərinin və orta ixtisas təhsili müəssisələ­rinin 20-dək ixtisas kodu­nu seçib, onları - http://eservices.tqdk.gov.az/erizebak/ixtisas2 - internet ünvanın­da yerləşən "Abituriyentin elektron ixtisas seçimi ərizəsi"nə istədiyi ardıcıllıqla daxil edərək təsdiqləməlidir. Ərizəsini təsdiqləmək üçün abituriyent TQDK-nın yeni virtual ödəmə kartını alır və onun şifrəsindən istifadə edir. Virtual ödəmə kartını internet ödəmə xidmətləri vasitəsi ilə və ya 7725 nöm­rəsinə boş SMS göndər­mək­lə əldə etmək olar.

Elektron ixtisas seçimi ərizəsini təsdiqləməyən abituriyent­lər müsabiqəyə buraxılmayacaqlar.

Orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət imtahanı tələb edən ixtisaslarını yalnız qabiliyyət imtahanlarından "məqbul" alan və test imtahanında topladıqları ümumi balı 16-dan, ana dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 8-dən az olmayan abituriyentlər seçə bilərlər.

Abituriyentlərə xüsusi qabiliyyət tələb edən ixtisaslarla yanaşı, digər ixtisasları da seçmək imkanı verilir.

Ali təhsil müəssisələrinin "Təsviri sənət", "Dekorativ-tətbiqi sənət və dizayn", "Heykəltəraşlıq" komissiyalarında qabiliyyət imtahanından topladıqları yekun balları 3 və daha yüksək olan, "Təsviri incəsənət müəllimliyi", "Bədən tərbiyəsi və idman", "Fiziki tər­bi­yə və gənclərin çağırışaqədərki ha­zır­lığı" komis­siya­ların­da isə "məqbul" alan abituriyent­lər orta ixtisas təhsili müəssisələrinin mü­va­fiq ixtisasları üzrə müsa­biqədə iştirak edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti