...

AvtoFM-lə yeni mövsümə!

Cəmiyyət Materials 29 Avqust 2015 11:30 (UTC +04:00)
İki ilə yaxındır ki, fəaliyyət göstərən AvtoFm 107.7 radiosu dinləyicilərə müxtəlif səpkili proqramlar təqdim edir.
AvtoFM-lə yeni mövsümə!

Azərbaycan, Bakı, 29 avqust /Trend/

İki ilə yaxındır ki, fəaliyyət göstərən AvtoFM 107.7 radiosu dinləyicilərə müxtəlif səpkili proqramlar təqdim edir. Yeni mövsümdən isə radio efir daha maraqlı və rəngarəng layihələrlə onların görüşünə gələcək. Bildirək ki, radionun yaradılmasında əsas məqsəd vətəndaşları yollardakı vəziyyətlə bağlı operativ məlumatlandırmaq, Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzindən təqdim edilən informasiyanı, ictimaiyyətə çatdırmaqdan ibarətdir.

Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin nəzdində fəaliyyət göstərən radionun baş koordinatoru Rövşən Həsənov yeni mövsümdə baş verəcək yeniliklər barədə danışdı. O bildirdi ki, yeni mövsümdən Fərid Rzayev, Cavid Nemətzadə və Ülviyyə Ağayevanın təqdimatında fərqli formatda həftə içi beş gün səhər saat 08:00-dan 11:00-a kimi efirə gedəcək əyləncə və informasiya xarakterli "Şirin Çay" verilişində müxtəlif rubrikalar, dinləyicilərə ötən gün ərzində dünyada baş verən maraqlı hadisələr, faktlar, musiqi və mədəniyyət aləmindən olan yeniliklər təqdim olunacaq. Məzmun və fərqlilik baxımından dinləyicinin maraqlarına cavab verən rubrikalar əsasən informasiya yüklüdür. Rubrikalarla yanaşı veriliş boyunca dünya çartları pillələrində yer alan musiqilər də səsləndiriləcək.

AvtoFm-in maraqlı və reytinqli verilişləri sırasında maraqla dinlənilən verilişlərdən biri də "İnspektordur". Sürücü və piyadaların maarifləndirilməsi, yollarda təhlükəsizliyin təmin edilməsi məqsədi ilə Dövlət Yol Polisi ilə birgə layihə olan "İnspektor"un məqsədi yol nişanları, yol-nəqliyyat hadisələri və onların baş vermə səbəbləri, yol hərəkəti qaydalarının pozulmasına görə məsuliyyəti müəyyən edən qanunvericilik aktları və nəqliyyatla bağlı digər məlumatlar, bundan başqa, sürücülük vəsiqəsi, texniki baxış, nəqliyyat vasitələrinin qeydiyyatı, istər sürücü, istərsə də piyadalar üçün nəzərdə tutulan cərimələr haqqında qanunlara edilən dəyişikliklər barədə sürücüləri xəbərdar etməkdir. Veriliş həftənin bazar ertəsi, çərşənbə və cümə günləri saat 18:00-dan 20:00-dək Aydın Əliyevin və Rövşən Həsənovun təqdimatında efirdə yayımlanır.

Bundan əlavə həftə ərzində efirə gedən Nəqliyyat Nazirliyi və AVTO FM-in birgə layihəsi olan "Dispetçer" verilişində ictimai nəqliyyat, taksilər, yeni yollar, körpülər, beynəlxalq marşrutlarla bağlı yeniliklər, yeni marşrut istiqamətlərinin açılması və ya dəyişdirilməsi haqda məlumat çatdırılır. Verilişdə vətəndaşların ictimai nəqliyyatla bağlı narazılıqları və ya maraqlı təklif və rəyləri də səsləndirilir.

Asan xidmətlə birgə layihə olan "Asan cavab", günorta saatlarında efirə gedən "Avtogid", ötən illərin musiqisini özündə əks etdirən "80 incilər" və "90incilər", "Muğam dünyası" kimi efir saatları Afto FM 107.7-ni dinləyicilərə sevdirə bilib. AvtoFM-in efirində dinləyicilərə hər saatın tamamında ölkəmizdə və dünyada baş verən hadisələr haqda məlumat təqdim edilir. 107.7 AvtoFM radiosunun digər radiolardan daha bir əsas fərqi isə Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM-in) kameraları vasitəsilə paytaxt yollarındakı vəziyyəti daim izləmək və hər saatın əvvəlində bu barədə sürücülərə məlumat verməyindədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti