...

Azərbaycanda sürət həddini müəyyən edən xüsusi cihazlar quraşdırıla bilər

Cəmiyyət Materials 31 Avqust 2015 08:00 (UTC +04:00)

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda sərnişin avtobuslarında sürücülərin işləmə vaxtını və sürət həddini müəyyən edən xüsusi cihazların quraşdırılması təklif edilir.

Milli Məclisdən Trend-ə verilən məlumata görə, bununla bağlı payız sesiyasında təşəbbüs irəli sürüləcəyi gözlənilir.

Qeyd edək ki, bir sıra ölkələrdə sərnişin avtobuslarının sürücülərinin hər birinin kartı var və bu kartla sürücü 8 saatdan artıq işləyə bilməz. Avtobuslarda sürət həddinə nəzarət edən cihazlar da var və əgər sürücü sürət həddini aşarsa, qısa xəbərdarlıqdan sonra həmin cihaz avtomobilin mühərrikini dayandırır.

Məsələyə münasibət bildirən millət vəkili Rəfael Cəbraylov da bu qaydanın vacib olduğunu qeyd edib. R.Cəbraylov deyib ki, sürücülərin 8 saatdan artıq işləməsi düzgün deyil:

"Azərbaycanda sürücülər gün ərzində 12-13 saat işləyir. Nəzərə alsaq ki, avtomobil özü yüksək təhlükə mənbəyidir və onun sükanın arxasında artıq yorulmuş olan bir insanın olması bu təhlükə mənbəyinin təhlükəsizlik dərəcəsini daha da artırır. Və nəzərə alsaq ki, söhbət kütləvi şəkildə insanların daşınmasından gedir, doğurdan da bu çox məsuliyyət yaradır".

Avtobus sürücülərinin həm də sürət həddini aşaraq təhlükəli şərait yaratdıqlarını deyən R.Cəbraylov bu məsələlərin texnoloji yeniliklərdən istifadə edərək qarşısının alınmasının tərəfdarı olduğunu bildirib:

"Hər bir sürücünün yanına bir nəzarətçi qoymaq çətin məsələdir. Ancaq texnoloji yeniliklərdən istifadə etməklə bu halların qarşısını almaq olar. Bu baxımdan mən Azərbaycanda da sürücülərin fəaliyyətinə nəzarət edən cihazların tətbiq edilməsinin tam tərəfdarıyam".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti