Azərbaycan, Bakı, 10 sentyabr /Trend, müxbir Elçin Mehdiyev/
Azərbaycanda tarixi şəxsiyyətlərin qorunması ilə bağlı qanunun qəbul edilməsinə ehtiyac var. Bunu Trend-ə Milli Məclisin Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov deyib.
N.Cəfərov bildirib ki, bununla bağlı müzakirələr aparılıb, lakin hələ ki, məsələ ilə bağlı yekun nəticə əldə olunmayıb: "Bəzən elə hallarla rastlaşırıq ki, cəmiyyətdə tanınan, nüfuzu olan, Azərbaycan xalqının və dövlətin tarixində silinməz izlər buraxan bəzi tarixi şəxsiyyətlərlə bağlı təhqirlər səsləndirilir. Bu, yolverilməzdir".
Onun sözlərinə görə, görkəmli ədiblərimizin şəxsiyyətinə, ləyaqətinə toxunan, xüsusilə də tarixi şəxsiyyətlərlə bağlı təhqirlərin səsləndirilməsinin qarşısı alınmalıdır.
Komitə sədri bildirib ki, tarixi şəxsiyyətləri qorumaq, onlara sahib çıxmaq bizim mənəvi borcumuzdur: "İndi Milli Məclisin IV cağırışının sonudur. Növbəti çağırışda millət vəkilləri yəqin ki, bu məsələ ilə məşğul ola bilərlər".
Qeyd edək ki, zaman-zaman Azərbaycanın görkəmli şairləri, tarixi şəxsiyyətləri sosial şəbəkələrdə, o cümlədən mətbuatda müxtəlif insanlar tərəfindən təhqir olunur. Buna misal olaraq, Səməd Vurğun siyasi partiya rəhbərlərinin biri tərəfindən dılğır adlandırılmışdı.