Azərbaycan, Bakı, 11 sentyabr /Trend/
"Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun və "Ailə-məişət münaqişələri zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında" Daxili İşlər Nazirliyinin (DİN) müvafiq Kollegiya qərarının şəxsi heyət tərəfindən öyrənilməsi, əməli fəaliyyətdə tətbiqi, bu sahədə əlaqədar dövlət orqanları və ictimai təşkilatlarla qarşılıqlı fəaliyyətin səmərəli təşkili məqsədilə respublikanın şəhər, rayon polis orqanlarında zona seminar-müşavirələri keçirilir.
DİN-in mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, növbəti belə tədbir respublikanın Qərb, Qarabağ və Aran bölgələrinin şəhər və rayonlarının bayır və ictimai təhlükəsizlik xidmətlərinin məsul əməkdaşlarının iştirakı ilə sentyabrın 11-də Gəncə Şəhər Baş Polis İdarəsində baş tutub.
Seminar-müşavirəni giriş sözü ilə açan nazirliyin Baş İctimai Təhlükəsizlik İdarəsinin rəis müavini, polis polkovnik-leytenantı Hikmət Eyvazov məişət zorakılığı, uşaqların və qadınların hüquqlarının pozulması, gender bərabərsizliyi kimi ifadələrin son zamanlar gündəlik həyatımızda daha çox işləndiyini, bu problemlərin dünyanın bir çox ölkələrində, o cümlədən Azərbaycanda da mövcud olduğunu bildirib.
Gündəlikdəki məsələ ilə bağlı H.Eyvazov "Məişət zorakılığının qarşısının alınması haqqında" Azərbaycan Respublikası Qanununun və "Ailə-məişət münaqişələri zəminində törədilən cinayətlərin qarşısının alınması sahəsində görülən işlərin vəziyyəti haqqında" DİN-in müvafiq Kollegiya qərarının icrası sahəsində görülən işlər, qarşıda duran vəzifələr barədə məruzə ilə çıxış edib.
Qeyd olunub ki, nazirliyin rəhbərliyinin ciddi nəzarəti və tələbkarlığı, aidiyyatı baş idarə, xidmət və ərazi polis orqanlarının əməkdaşlarının göstərilən istiqamətdə həyata keçirirdikləri kompleks tədbirlər, ailə-məişət zəminində baş verən hüquqpozmalara vaxtında və operativ reaksiyanın verilməsi, eyni zamanda, cəmiyyəti narahat edən belə neqativ hallara həm əlaqədar dövlət qurumları, həmçinin qeyri-hökumət təşkilatları tərəfindən aparılan məqsədyönlü profilaktik iş sayəsində müsbət nəticələr əldə etmək mümkün olub və bu yönümdə birgə səylər indi də davam etdirilir.
Məruzəçi əvvəllər məhkum olunmuş şəxslər ətrafında profilaktiki işin gücləndirilməsinə nəzarətin və tələbkarlığın artırılmasını da iştirakçıların nəzərinə çatdırıb.
Seminar-müşavirədə yetkinlik yaşına çatmayanların baxımsızlığı və hüquq pozuntularının profilaktikasında daxili işlər orqanlarının fəaliyyətinin təşkili ilə bağlı uşaq hüquqlarına dair ölkə qanunlarının və beynəlxalq aktların xidməti fəaliyyətdə tətbiqi, habelə, məişət zorakılığından daha çox əziyyət çəkən uşaqların reabilatisayısı və təlim-tərbiyəsində valideynlərin, pedaqoji kollektivlərin, dövlət və qeyri-dövlət təşkilatlarının, İctimai Şura üzvlərinin rolunun artırılması üçün təsirli tədbirlərin görülməsinin vacibliyi nəzərə çatdırılıb.
Tədbirdə həmçinin müzakirə edilən mövzularla bağlı Azərbaycan Respublikasının Cinayət və İnzibati Xətalar məcəllələrində edilmiş əlavə və dəyişikliklərin öyrənilməsi və xidməti fəaliyyətdə tətbiqinin, habelə, məişət zorakılığı törətmiş şəxslərin inzibati və cinayət məsuliyyətinə cəlb edilməsinin hüquqi əsasları müzakirə edilib.
Mövzu ətrafında maraqlı müzakirələrin aparıldığı tədbirin sonunda iştirakçılara "Azərbaycan Respublikasında məişət zorakılığının qarşısının alınmasına dair qanunvericilik toplusu" adlı kitabçalar paylanılıb.