Azərbaycan, Bakı, 15 sentyabr /Trend, müxbir Elmir Murad/
Bu gündən Bakı metrosu qış qrafikinə keçib. Bunu Trend-ə açıqlamasında "Bakı Metropoliteni" QSC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nəsimi Paşayev deyib.
Onun sözlərinə görə, hər il sentyabrın 15-dən etibarən Bakı metrosunda sərnişin sıxlığını nəzərə alaraq qatarların sayı artırılır.
N.Paşayev qeyd edib ki, "Bakı Metropoliteni" QSC-i əgər yayda 24 cüt qatarla fəaliyyət göstərirdisə, bu gündən etibarən artıq saatda 30 cüt qatarla işləyəcək: "Qatarların sayını artırmışıq. Eyni zamanda intervalları da azaltmışıq. Məsəl üçün metronun Həzi Aslanov və 28 may stansiyaları arasındakı interval 2 dəqiqədir. Qeyri-pik saatlarda 2 dəqiqə yarım olacaq. Həmçinin metronun 28 May stansiyasından "Dərnəgül" və "İçəri Şəhər" stansiyaları istiqamətində hərəkət intervalı müvafiq olaraq 4-5 dəqiqə müəyyənləşdirmişik. Maksimum dərəcədə intervalı azaltmışıq".
Qurum rəsmisi stansiyalardakı qurğuların texniki vəziyyətinə də toxundu: "Bütün stansiyalarımızda avadanlıqlarımız saz vəziyyətdədir. Heç bir nasazlıq yoxdur. Bütün əməkdaşlarımız da stansiyalarda hərəkət axınına nəzarət edirlər. Sıxlıq müşahidə edilir, amma hər hansı bir ciddi problem yoxdur".