...

Bakıda əyləncəli “Avropa şəhərciyi” olacaq

Cəmiyyət Materials 18 Sentyabr 2015 12:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İlkin İzzət/

Avropa İttifaqı (Aİ) Bakı sakinlərini "Avropa şəhərciyi"nə dəvət edir.

Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyindən Trend-ə verilən məlumata görə, sentyabrın 19-u İçərişəhərdə, Qoşa Qala Qapısında "Avropa şəhərciyi 2015" tədbiri keçiriləcək.

Aİ-nin Azərbaycandakı Nümayəndəliyi və Avropa İttifaqının üzv ölkələrinin səfirlikləri tərəfindən təşkil olunan tədbirin məqsədi Bakı sakinlərini Avropa ölkələrinin milli adət-ənənələri, mədəniyyəti ilə daha yaxından tanış etməkdir.

Saat 11:00-dan 20:00-dək davam edəcək təbdirin proqramına əyləncəli şoular, müxtəlif müsabiqələr, viktorinalar, karaoke, konsertlər və muzey turları daxildir. "Avropa şəhərciyi 2015"in konsert hissəsinin əsas qonağı isə Şotlandiyanın Peatbog Faeries qrupudur.

Avropa İttifaqının Azərbaycandakı səfiri Malena Mard tədbir haqqında fikirlərini belə ifadə edib: "Avropa Şəhərciyi Aİ-yə üzv ölkələrlə birgə əməkdaşlıq çərçivəsində təşkil olunub. Məqsəd Avropa İttifaqını müxtəlif ənənələrimiz və mədəniyyətimiz vasitəsilə tanıtmaqdır. Mən hər kəsi əyləncə dolu gündə bizə qoşulmağa dəvət edirəm. Ümid edirik ki, 19 sentyabr həm böyüklər, həm də uşaqlar üçün maraqlı və yadda qalan olacaq. İnanırıq ki, sizdə Avropa Şəhərciyindən başlamaqla Avropa ölkələri haqqında daha çox öyrənmək marağı oyadacayıq."

Qeyd edək ki, tədbir Azərbaycanda artıq 3-cü ildir təşkil olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti