Azərbaycan, Bakı, 9 oktyabr /Trend, müxbir Elmir Murad/
Gənc Alim və Mütəxəssislər Şurasının növbəti toplantısı keçirilib.
Milli Elmlər Akademiyasından Trend-ə verilən məlumata görə, iclasda Şura sədri, fizika üzrə fəlsəfə doktoru, dosent Famin Salmanov əvvəlcə iclas iştirakçılarını gündəlikdəki məsələlərlə tanış edib. Sonra F.Salmanov qeyd edib ki, AMEA-nın 70 illiyi ilə əlaqədar Şuranın təşkilatçılığı ilə "Akademik Elm həftəliyi - 2015" beynəlxalq multidissiplinar Forum təşkil olunacaq.
F.Salmanov vurğulayıb ki, sözügedən Forum çərçivəsində gənc alimlərin 4 prioritet elmi istiqamətlər üzrə konfransının keçirilməsi də nəzərdə tutulub. Konfransa ümumilikdə 260-a yaxın tezis qəbul olunub, onlar arasında 22 ölkədən qəbul olunan 80-dən çox tezis var. Hazırda həmin tezislərin ekspert qiymətləndirilməsi aparılır. Bu proses başa çatdıqdan sonra konfransın plenar və panel bölmələrində məruzələr ediləcək, xarici və yerli gənc alimlərin adları açıqlanacaq.
Bütün tələblərə cavab verən tezislərin hamısı toplu şəklində çap olunacaq. F.Salmanov AMEA-nın 70 illiyinə töhfə kimi Bakı və regionlarda seçilmiş orta məktəblərdə Akademiyanın ayrı-ayrı bölmələri üzrə elm guşələrinin yaradılması prosesinə də başlanıldığını, həmin guşələr üçün lazım olan materialların yerli sədrlər tərəfindən toplanılıb verilməsinin məqsədəuyğun olduğunu bildirib.
İclasda Gənc Alim və Mütəxəssislər Şurasının nizamnaməsinə edilən əlavə və dəyişikliklər, "Gənc tədqiqatçı" jurnalın növbəti sayına məqalələrin qəbulu, eləcə də www.gencalimler.az saytında xəbərlərin yenilənməsi ilə bağlı və sair məsələlər haqqında müzakirələr aparılıb.
Sonda AMEA Gənc və Mütəxəssislər Şurasının İdarə Heyətinin üzvlərindən - fəlsəfə üzrə fəlsəfə doktoru Roidə Rzayeva, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru Orxan Abbasov, kimya üzrə fəlsəfə doktoru Əfsun Sucayev gündəlikdəki məsələlərə münasibətini bildiriblər.