...

BDU-da 14-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib (FOTO)

Cəmiyyət Materials 12 Oktyabr 2015 15:46 (UTC +04:00)

Azərbaycan, Bakı, 12 oktyabr /Trend/

Bakı Dövlət Universitetində (BDU) 14-cü Bakı yapon dili natiqlik müsabiqəsi keçirilib.

Universitetin Mətbuat və informasiya şöbəsindən Trend-ə verilən məlumata görə, müsabiqə BDU-nun Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrası, Yaponiyanın Azərbaycandakı səfirliyi tərəfindən təşkil olunub.

Azərbaycan və Yaponiya dövlət himnlərinin səslənməsindən sonra BDU-nun rektoru, akademik Abel Məhərrəmov rəhbərlik etdiyi ali məktəb, onun beynəlxalq əlaqələri, Yaponiya universitetləri ilə əməkdaşlığı barədə məlumat verib. Rektor BDU-da yapon dili və ədəbiyyatı ixtisasının 2000-2001-ci tədris ilində açıldığını deyib, Azərbaycan-Yaponiya elm, təhsil əlaqələrinin genişləndirilməsi barədə fikirlərini də diqqətə çatdırıb. Müsabiqənin əhəmiyyəti barədə danışan rektor A.Məhərrəmov iştirakçılara uğurlar arzulayıb.

Sonra Yaponiyanın Azərbaycandakı səfiri Tsuquo Takahaşi çıxışında ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb, müsabiqənin Azərbaycanda yapon dilini öyrənən tələbələrin yapon dili bacarıqlarını dinləmək üçün gözəl fürsət olduğu bildirib.

Uzaq Şərq dilləri və ədəbiyyatı kafedrasının müdiri dosent Oqtay Cəlilbəyli artıq ənənə halını almış müsabiqənin əhəmiyyətindən danışıb rektor A.Məhərrəmova və səfir T.Takahaşiyə təşəkkürünü bildirib.

Tədbirdə daha sonra iştirakçıların, münsiflər heyətinin və aparıcıların təqdimatı keçirilib, müsabiqənin keçirilməsi qaydaları izah edilib. 16 nəfər tələbə çıxış nitqlərində öz bacarıqlarını nümayiş etdirib. Müsabiqə 2 yarımhissədən ibarət olub. Hər bölmə çıxışlar və sual-cavab əsasında qurulub. Tədbirin sonunda nəticələr elan edilib, təltif olunma mərasimi keçirilib. İlk yerin sahibi Bakı Dövlət Univeritetinin tələbəsi Xəyal Abdullayev olub. O, Moskva Beynəlxalq Tələbələrin nitq müsabiqəsində çıxış etmək hüququ qazanıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti