...

DSMF: Əhaliyə ödənişlərin 97,5 faizi əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəlib

Cəmiyyət Materials 13 Oktyabr 2015 12:07 (UTC +04:00)
Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.
DSMF: Əhaliyə ödənişlərin 97,5 faizi əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəlib

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Cari ilin 9 ayı ərzində Dövlət Sosial Müdafiə Fonduna (DSMF) daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

Cari ilin 9 ayı ərzində DSMF tərəfindən əhaliyə ödənişlərin məbləği 2152,9 mln. manat təşkil edib. Əhaliyə ödənişlərin 97,5 faizi və yaxud 2098,2 mln.manatı əmək pensiyaları ilə bağlı xərclərin maliyyələşdirilməsinə yönəldilib.

Məcburi dövlət sosial sığorta haqları hesabına ödənilən müavinətlər isə 54,7 mln. manat təşkil etməklə əhaliyə ödənişlərin 2,5 faizi həcmində olub.

Əldə edilmiş maliyyə imkanlarının nəticəsində əhaliyə pensiya və müavinətlərin ödənişinin hər ay qrafikdən əvvəl reallaşdırılması təmin olunub.

Azərbaycanın iqtisadi həyatı ilə pensiyaçıların sosial müdafiəsinin bazar iqtisadiyyatı prinsipləri əsasında əlaqələndirilməsi siyasətinin uğurlu icrası nəticəsində mövcud maliyyə imkanlarının ölkə əhalisinin 13,5 faizini təşkil edən pensiyaçılar arasında ədalətli bölgüsünə nail olunub və onların yoxsulluq problemi əsaslı şəkildə öz həllini tapıb.

2015-ci ilin 9 ayının nəticələrinə görə yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 195,6 manatdır və ölkə üzrə orta aylıq əmək haqqının 43 faizini təşkil edir ki, bu da beynəlxalq standartlara uyğundur. Hazırda pensiyaların orta aylıq məbləği pensiyaçılar üçün yoxsulluq həddini 1,7 dəfə üstələyir, halbuki 2003-cü ildə bu göstərici yoxsulluq həddindən 2 dəfə aşağı məbləğlə ifadə olunurdu.

Ölkəmizdə iqtisadi həyatın pensiyaçıların sosial müdafiəsi ilə uzlaşdırılmasının davamlı inkişaf tələblərinə cavab verən çevik modeli fəaliyyət göstərir ki, bu əsasda formalaşan Dövlət Sosial Müdafiə Fondunun büdcəsi makroiqtisadi sabitlik və iqtisadiyyatın dinamik inkişafı nəticəsində əldə olunan potensialın əhəmiyyətli hissəsinin pensiyaçıların sosial müdafiəsinə yönəldilməsi mexanizmini ifadə edir.

2015-ci ilin yanvar-sentyabr aylarında Fondun gəlirləri ötən ilin müvafiq dövrünə nisbətən 31,5 mln. manat artaraq 2185,2 mln. manata yüksəlib. Məcburi dövlət sosial sığorta haqları üzrə daxilolmalar 1304,7 mln. manat təşkil edib ki, bu da 2014-cü ilin eyni dövrü ilə müqayisədə 5,0 faiz və ya 62,0 mln. manat çoxdur.

Pensiyaların və fərdi hesablara toplanan sosial sığorta kapitallarının inflyasiya nəzərə alınmaqla hər il indeksləşdirilməsi isə sistemin mənfi fiskal təsirlərdən səmərəli şəkildə qorunmasını təmin edir. Bu tədbir 2015-ci ildə də davam etdirilib və Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamına əsasən cari ilin yanvarın 1-dən bütün növ əmək pensiyalarının sığorta hissəsinə 1,4 faizlik artım tətbiq olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti