Azərbaycan, Bakı, 14 oktyabr /Trend, müxbir Elmir Murad/
Şəmkir rayonunun Zəyəm kəndində məscid tikintisinə icazə verilməsi və ya bu məqsədlə torpaq sahəsi ayrılması ilə bağlı indiyədək Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinə heç bir müraciət daxil olmayıb.
Komitədən Trend-ə verilən məlumata görə, eyni zamanda, Zəyəm kəndinin hansısa sakini öz həyətyanı sahəsində və ya pay torpağında ibadət evinin tikintisinə icazə verilməsi ilə bağlı fərdi qaydada Dövlət Komitəsinə müraciət etməyib. Buna görə də yerli icra hakimiyyəti orqanı haqlı olaraq qanunauyğun şəkildə tikintini dayandırıb.
Məlumatda bildirilir ki, istənilən obyektin, o cümlədən dini ibadət yerinin tikintisi mövcud qanunvericilik əsasında aparılmalıdır. Bu, hüquq məsələsi olmaqla yanaşı, həm də mənəviyyat, halallıq məsələsidir. Dini ibadət yerinin tikintisinin və mövcud dini ibadət yerinin yenidən qurulmasının (bərpasının, əsaslı təmirinin) məqsədəuyğunluğu barədə rəy verilməsi haqqında normativ sənədlər var və bütün proseslər bu təlimata uyğun aparılmalıdır.
Komitənin açıqlamasında qeyd olunur ki, indiyədək dövlət qurumları tərəfindən ölkədə ibadət evlərinin tikintisinə hansısa məhdudiyyət qoyulmayıb. Əkisinə, ibadət evlərinin inşasına və bərpasına daim dövlət tərəfindən diqqət göstərilib. Son 10 ildə Prezident İlham Əliyevin müvafiq sərəncam və tapşırıqları əsasında onlarla məscid inşa edilib və ya əsaslı bərpa olunaraq dindarların istifadəsinə verilib. Bu fakt deyilənlərin əyani təsdiqidir.
Şəmkir rayonunun Zəyəm kəndində mövcud faktla əlaqədar onu da bildiririk ki, tikinti işləri dayandırılıb və hazırda müvafiq qurumlar tərəfindən araşdırmalar aparılır.