...

Səlim Müslümov: Azərbaycanda sosialyönümlü xərclərə ayrılan dövlət vəsaitləri ilbəil artırılır (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2015 10:56 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 oktyabr /Trend/

Azərbaycanda bütün sosial proqram və layihələr uğurla davam etdirilir, hətta sosialyönümlü xərclərə ayrılan dövlət vəsaitləri ilbəil artırılır. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin
İctimaiyyətlə əlaqələr şöbəsindən Trend-ə verilən məlumata görə, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin İndoneziyanın paytaxtı Cakarta şəhərində keçirilən üçüncü konfransı çərçivəsində işçi qüvvəsi naziri Məhəmməd Hanif Dhakiri ilə görüşündə deyib.

Məlumatda qeyd olunur ki, görüşdə Azərbaycanla İndoneziya arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlıq imkanları müzakirə olunub.

Görüşdə Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu siyasəti nəticəsində ölkədə əldə olunan mühüm sosial-iqtisadi nailiyyətlər barədə məlumat verən S.Müslümov ölkədə makroiqtisadi inkişaf dinamikasının cari ilin ötən dövründə də davam etdiyini, bu dövrdə iqtisadi artımın 3,7 faiz, o cümlədən qeyri-neft sektoru üzrə 6,4 faiz təşkil etdiyini bildirib.

Nazir ölkəmizdə sosial sahənin daim diqqətdə saxlandığını, əhalinin 23 faizindən çoxunun sosial təminat sistemi ilə əhatə olunduğunu diqqətə çatdırıb: "Dünyanın bir çox ölkələrində kəskin iqtisadi böhran səbəbindən sosial proqramlar dayandırıldığı halda, Azərbaycanda bütün sosial proqram və layihələr uğurla davam etdirilir, hətta sosialyönümlü xərclərə ayrılan dövlət vəsaitləri ilbəil artırılır. Buna misal olaraq, ötən il dövlət büdcəsindən həmin xərclər üçün 9,9 faiz, o cümlədən sosial müdafiə və sosial təminat xərcləri üçün 12,6 faiz çox vəsait ayrılıb".

Azərbaycanla İndoneziya arasında münasibətlərin daim inkişaf etdiyini diqqətə çatdıran S.Müslümov xüsusən iki ölkənin beynəlxalq təşkilatlarda bir-birinin mövqelərini daim dəstəklədiklərini vurğulayıb. O, İslam Əməkdaşlıq Təşkilatı əmək nazirlərinin üçüncü konfransının İndoneziyada yüksək səviyyədə təşkilinə görə razılığını ifadə edərək, bu kimi tədbirlərin Təşkilata üzv ölkələr arasında əmək, məşğulluq, sosial müdafiə sahələrində əməkdaşlığın güclənməsində mühüm rol oynadığını qeyd edib.

Nazir İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılmasına üzv dövlətlərdən biri kimi İndoneziyanın da fəal dəstək verməsindən razılığını bildirib: "İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində əmək, məşğulluq, sosial müdafiə sahələrində fəal əməkdaşlıq təcrübəsi bu əməkdaşlığın ikitərəfli müstəvidə də davam və inkişaf etdirilməsinə zəmin yaradır. Xüsusən də hər iki ölkədə müvafiq sahələrdə aparılan islahat tədbirləri ilə bağlı təcrübə və məlumat mübadilələri qarşılıqlı əhəmiyyət kəsb edir. Bunun üçün Azərbaycan tərəfindən müvafiq səylər göstəriləcəkdir".

M.H. Dhakiri ölkələrimiz arasında əlaqələrin yüksələn xətlə davam etdirilməsindən məmnunluqla söz açıb, İslam Əməkdaşlıq Təşkilatı çərçivəsində bir sıra sahələrdə olduğu kimi, əmək və sosial müdafiə sahəsində də yaxşı əməkdaşlıq müstəvisinin formalaşdığını vurğulayıb. İslam Əməkdaşlıq Təşkilatının Bakıda Əmək Mərkəzinin yaradılmasının əlaqələrin genişlənməsində mühüm rol oynayacağını qeyd edən M.H. Dhakiri bu baxımdan belə bir qurumun üzv ölkələrin hər biri üçün önəmli olduğunu bildirib. O, həqiqətən də aidiyyəti fəaliyyət sahələri ilə bağlı iki ölkə üçün ortaq maraq kəsb edən məsələlərin olduğunu və qarşıdakı dövrdə bu məsələləri əhatə edən ikitərəfli əməkdaşlıq əlaqələrinin formalaşdırılmasının faydalı ola biləcəyini diqqətə çatdırıb.

Görüşdə əmək və sosial müdafiə sahəsində iki ölkə arasında əməkdaşlıq imkanları nəzərdən keçirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti