...

Kimya sənayesinin 70 illiyi ilə bağlı tədbir keçirilib (FOTO)

Cəmiyyət Materials 30 Oktyabr 2015 18:40 (UTC +04:00)

Oktyabrın 30-da Sumqayıtda ölkəmizdə kimya sənayesinin yaranmasının 70 illik yubileyi münasibəti ilə təntənəli bayram tədbiri keçirilmişdir. Tədbirdə SOCAR prezidenti Rövnəq Abdullayev, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov, SOCAR rəhbərliyinin nümayəndələri, eləcə də digər rəsmi qonaqlar iştirak etmişlər.

SOCAR prezidenti Rövnəq Abdullayev və onu müşaiyət edən şəxslər əvvəlcə "Azərikimya" İstehsalat Birliyinin baş ofisində olmuş, Birliyin "Etilen-Polietilen" zavodunun müxtəlif istehsalat sahələri ilə əlaqədar elan edilmiş vakansiyalar üzrə İnsan Resursları Departamenti tərəfindən aparılan test imtahanının gedişi ilə maraqlanmışlar. İnsan Resursları Departamentinin rəisi Asif Bəkirli elan olunmuş vakansiyalar və test imtahanları haqqında qonaqlara ətraflı məlumat vermişdir. Bildirilmişdir ki, Birliyin Sumqayıt şəhər sakinləri üçün keçirdiyi bu dəfəki test imtahanında "Avtomatika üzrə proqramlaşdırıcı", "Mühəndis-texnoloq" və "Nəzarət ölçü cihazları və avtomatika üzrə mühəndis" vakansiyaları üzrə 79 sumqayıtlı namizəd öz biliyini yoxlayacaqdır. Rövnəq Abdullayev imtahan verəcək gənclərlə görüşmüş, onlara uğurlar arzulamışdır.

Sonra iştirakçılar tədbirin keçiriləcəyi Sumqayıtın Tarix Muzeyinə gəlmişlər. Muzeyin direktoru, Azərbaycanın Əməkdar Mədəniyyət işçisi Olya İslamova Muzey barədə ətraflı məlumat vermiş, bildirmişdir ki, 1967-ci ildən fəaliyyət göstərən Sumqayıtın Tarix Muzeyində 14000-dən artıq eksponat saxlanılır. Burada Heydər Əliyev guşəsi yaradıllmış, Ulu öndərin ustalıqla yaradılmış büstü qoyulmuş, ümummilli liderin Sumqayıta səfərləri ilə bağlı sənədlər, fotoşəkillər, qəzet və jurnallar yerləşdirilmişdir.

Muzeyin akt zalında keçirilən və kimya sənayesi veteranlarının, kimyaçı alimlərin, SOCAR və Sumqayıt şəhər rəhbərliyinin, millət vəkillərinin, şəhərin qurucuları olmuş görkəmli insanların, eləcə də şəhər ictimaiyyəti nümayəndələrinin iştirak etdikləri tədbirin rəsmi hissəsini "Azərikimya" İstehsalat Birliyinin Müşahidə Şurasının sədri Muxtar Babayev açaraq qonaqları salamlamış, onları kimya sənayesinin 70 illik yubileyi münasibətilə təbrik etmiş, xoş arzularını çatdırmışdır.

SOCAR prezidenti Rövnəq Abdullayev iştirakçıları, Sumqayıt şəhər ictimaiyyətini, ümumiyyətlə Azərbaycan xalqını ölkəmizdə kimya sənayesinin yaranmasının 70 illiyi münasibəti ilə təbrik etmiş, kimya sənayesinin tarixi, əldə edilmiş uğurlar, qarşıda duran perspektivlər barədə geniş çıxış etmişdir. Rövnəq Abdullayev kimya sənayesinin inkişaf strategiyası proqramına uyğun olaraq Sumqayıtın sənaye zonasında çox geniş bir ərazidə Kimya Sənaye Parkının yaradıldığını, təməli möhtərəm Prezidentimiz İlham Əliyev cənabları tərəfindən qoyulmuş azot gübrəsi istehsal edəcək Karbamid zavodunun, "SOCAR Polymer" layihəsi çərçivəsində inşa ediləcək yüksək sıxlıqlı polietilen zavodunun, eləcə də yeni istehsalat tullantı sularının təmizlənməsi qurğusunun tikintisinin uğurla davam etdirildiyini söyləmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin əlamətdar yubiley münasibəti ilə kimyaçıların bir qrupunun ali dövlət mükafatları ilə təltif etməsini kimyaçılara göstərilən daimi diqqət və qayğının növbəti təzahürü kimi qiymətləndirən SOCAR prezidenti kimyaçıların adından ölkə başçısına dərin minnətdarlığını ifadə etmişdir. O, əmin olduğunu bildirmişdir ki, Azərbaycan neftçiləri və onların avanqard qüvvəsi olan neft kimyaçıları Vətənimizin iqtisadi qüdrətinin daha da möhkəmlənməsi naminə həmişə olduğu kimi bundan sonra da fədakarlıqla çalışacaqlar.

Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik Akif Əlizadə, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov çıxış edərək kimyaçıları bayram münasibətilə təbrik etmiş, ölkə iqtisadiyyatının inkişafı naminə gördüyü işlərdə onlara uğurlar arzulamışlar. Veteran kimyaçı Firuddin Mustafayev ötən dövr ərzində yüzlərlə kimyaçının əməyinin dövlətimiz tərəfindən fəxri adlar, müxtəlif orden və medallarla qiymətləndirildiyini qeyd etmiş, göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyev cənablarına minnətdarlığını bildirmişdir.

Sonra uzun illər kimya sənayesində çalışmış, bu səhədə səmərəli fəaliyyət göstərmiş qabaqcıl kimyaçıların müxtəlif mükafatlarla təltif olunma mərasimi keçirilmişdir. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 26 oktyabr 2015-ci il tarixli Sərəncamı ilə "Şöhrət" ordeni, Prezidentin fərdi təqaüdü və "Tərəqqi" medalı ilə təltif olunmuş kimyaçılara, SOCAR-ın prezidenti Rövnəq Abdullayevin əmri ilə Fəxri fərman və pul mükafatlarına layiq görülən 19 nəfər kimyaçıya, Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun əmri ilə təltif olunan 10 nəfər kimyaçıya mükafatlar təqdim olunmuşdur. Bundan əlavə, 15 kimyaçı da "Azərikimya" İstehsalat Birliyi tərəfindən fəxri fərman və pul mükafatlarına layiq görülmüşdür.

Tədbir Sumqayıt şəhər 11 saylı tam orta məktəbin şagirdlərinin ifasında səsləndirilən "Canlanır hər qarış yer Sumqayıtda, xarüqələr yaradır el Sumqayıtda" təbrik mahnısı ilə sona çatmışdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti