...

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Cəmiyyət Materials 4 Noyabr 2015 17:56 (UTC +04:00)
Azərbaycanda özlərini “həkim, parapisxoloq” adlandıran bir neçə şəxsə qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Hüquq və qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Müslümov bildirib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi: Falçılara və cadugərlərə qarşı qanun sərtləşdirilməlidir

Azərbaycan, Bakı, 4 noyabr /Trend, müxbir Elçin Mehdiyev/

Azərbaycanda özlərini "həkim, parapisxoloq" adlandıran bir neçə şəxsə qarşı dələduzluq maddəsi ilə cinayət işi başlanıb. Bu barədə Trend-ə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) Hüquq və qeydiyyat şöbəsinin müdiri vəzifəsini icra edən Bəhruz Müslümov bildirib.

O, qeyd edib ki, cadugərliyə, falçılığa, yalançı mollalığa və s. qarşı mübarizədə ən effektli yol maarifləndirmədir: "Bu səbəbdən Təhsil Nazirliyi və digər qurumlarla maarifləndirmə tədbirlərinin aparılması ilə bağlı müxtəlif layihələrmiz var və bunlar icra olunmaqdadır. Eyni zamanda, bu məsələlərə inzibati yolla da müdaxilə edilməli olduğunu düşünürük".

B.Müslümov deyib ki, cadugərlik və falçılıqla bağlı problem təkcə Azərbaycanda deyil, digər ölkələrdə də mövcuddur: "Məsələn, Tacikistanda bu yaxınlarda Cinayət Məcəlləsinə yeni dəyişiklik təsdiq edildi. Dəyişikliyə görə, əgər falçılar, cindarlar əvvəllər sadəcə müəyyən miqdarda cərimə edilirdilərsə, bundan sonra 7 ilə qədər müddətdə azadlıqdan məhrum ediləcəklər. Anqlo-sakson hüququnun tətbiq edildiyi ölkələrdə şəxslər aldadıldığı halda bu barədə müvafiq qurumlara müraciət edirlər və onlara qarşı "fraud-dələduzluq" üzrə cinayət işi və ya bu şəxslərə qarşı məhkəmədə mülki qaydada iddia verə bilirlər. Təbii ki, bizim ölkənin qanunvericiliyində də mülki qaydada iddia qaldırmaq mümkündür və bu hal Cinayət Məcəlləsində nəzərdə tutulmuş "Dələduzluq" maddəsinin təsirinə düşür. Ölkəmizdə özlərini "həkim, parapisxoloq" adlandıran bir neçə şəxsə qarşı bu maddə ilə cinayət işi başlanılıb".

DQİDK rəsmisi bildirib ki, bu tipli adamlar çox yaxşı aktyorlardır: "Onlara müraciət edənlər aldadıldıqlarını anlamırlar və ya artıq anlayanda da həmin şəxslərin yerini müəyyənləşdirmək çətin olur. Bəzi hallarda isə bu şəxslər qapı-qapı gəzir və insanları onlara məxsus ilahi qüvvənin olduğuna inandırmağa çalışırlar. Biz istəyərdik ki, İnzibati Xətalar Məcəlləsinə bununla bağlı maddə əlavə edilsin. Qanuna ediləcək yeni əlavə üzərində hazırda çox ciddi iş aparılır. Layihə müvafiq rəylər alındıqdan sonra baxılması üçün Prezident Administrasiyasına göndəriləcək".

B.Müslümov əlavə edib ki, əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş dövlət siyasətində maarifləndirmə işi hazırda cənab Prezidentimiz İlham Əliyev tərəfindən çox böyük uğurla aparılır. Ölkəmizdə yeni, dünya standartlarına uyğun universitetlər, məktəblər yaradılır və mövcud olanların maddi texniki bazası möhkəmləndirilir. Bu faktdır ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" əsasında minlərlə gənc xarici ölkələrin nüfuzlu təhsil müəssisələrində pulsuz təhsil alırlar: "Maarifləndirmə sahəsində bu qədər böyük işlər aparılmasına baxmayaraq, təəssüflər olsun ki, əhalinin bəzi təbəqəsi hələ də falçılığa, cadugərliyə, cindarlığa inanırlar. Bu cür insanların sadəlövhlüyündən istifadə edən şəxslər onları müxtəlif bəhanələrlə aldadır, guya gələcəkdən xəbər verməklə, cadu yolu ilə hansısa bir problemi həll etmək bəhanəsi ilə pullarını mənimsəyirlər. Dəfələrlə biz bu qəbildən olan müxtəlif problemlərlə qarşılaşmışıq. Təəssüflər olsun ki, belə insanların toruna düşənlər, adətən, cəmiyyətin savadsız təbəqəsi olur. Savadlı adamın falçının yanında nə işi var?"

Məqalədə:
Xəbər lenti

Xəbər lenti