Azərbaycan, Bakı, 9 noyabr /Trend/
Bu gün Azərbaycanda Dövlət Bayrağı Günü qeyd olunur.
Muzey Azərbaycan Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə Dövlət Bayrağı Meydanında inşa olunub və 2010-cu ildən fəaliyyət göstərir.
Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.
Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları nümayiş olunur. Muzeydə, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş Konstitusiya broşürləri da var. Muzeydə poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər nümayiş etdirilir.
Sərgi stendlərində Heydər Əliyevin və İlham Əliyevin Prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes Dünya Rekordları Təşkilatının Azərbaycanın Dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur.
Trend Dövlət Bayrağı Günü münasibətilə Dövlət Bayrağı Muzeyindən fotoreportajı təqdim edir.