...

DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Cəmiyyət Materials 11 Noyabr 2015 10:37 (UTC +04:00)
Noyabrın 1-ə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19,75 faiz artıb.
DSMF-nin fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı artıb

Azərbaycan, Bakı, 11 noyabr /Trend/

Noyabrın 1-ə olan statistikaya əsasən, cari ilin əvvəli ilə müqayisədə Dövlət Sosial Müdafiə Fondunun (DSMF) fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayı 19,75 faiz artıb.

Trend DSMF-nin məlumatına istinadən bildirir ki, oktyabr ayı ərzində əlavə olaraq 472 nəfər əcnəbi vətəndaş qeydiyyata alınıb və nəticədə fərdi uçot sistemindəki əcnəbilərin sayı 26 972 nəfərə yüksəlib.

Dövlət sosial sığorta sistemində fərdi şəxsi hesabı olan əcnəbilərin 88,2 faizini (23 779 nəfər) kişilər, 11,8 faizini (3 193 nəfər) isə qadınlar təşkil edir.

Ümumilikdə 115 ölkənin vətəndaşlarını əhatə edən əcnəbilər arasında ən yüksək say göstəricisi Тürkiyə vətəndaşları (13 583 nəfər) üzrə müşahidə olunur. Fərdi uçot sistemində qeydiyyata alınan əcnəbilərin sayına görə ikinci yerdə gələn Gürcüstan vətəndaşlarının sayı 2 949 nəfərə, üçüncü yerdə gələn Rusiya Federasiyasının vətəndaşlarının sayı isə 1 617 nəfərə çatıb.

Sonrakı yerlərdə, Hindistan (966), İran İslam Respublikası (960), Çin Xalq Respublikası (844), Böyük Britaniya və Şimali İrlandiya Krallığı (548), Pakistan İslam Respublikası (531), Ukrayna (422), Banqladeş Xalq Respublikası (375), Özbəkistan (269), Almaniya Federativ Respublikası (247), Filippin Respublikası (235), ABŞ (230), Qazaxıstan Respublikası (211), Türkmənistan Respublikası (209), Koreya (189), İtaliya Respublikası (187) və s. ölkələr qərarlaşıb.

2006-cı il yanvarın 1-dən Azərbaycan Respublikası mənbələrindən əmək ödənişi və məcburi dövlət sosial sığorta haqqına cəlb olunan digər gəlirləri əldə edən əcnəbilərin məcburi dövlət sosial sığortası ilə əhatə olunması prosesi həyata keçirilməkdədir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti