...

Əflatun Amaşov: Media ictimai yüklü informasiyaları diqqətdə saxlamalıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Cəmiyyət Materials 20 Noyabr 2015 15:44 (UTC +04:00)
Azərbaycan mətbuatı ölkədə baş verən hadisələrə həssaslıqla yanaşır, ancaq təəssüflər olsun ki, bu həssaslıq bəzən hiss olunmur.
Əflatun Amaşov: Media ictimai yüklü informasiyaları diqqətdə saxlamalıdır (ƏLAVƏ OLUNUB) (FOTO)

Trend-i buradan izləyin

Bakı. Elçin Mehdiyev - Trend:

Azərbaycan mətbuatı ölkədə baş verən hadisələrə həssaslıqla yanaşır, ancaq təəssüflər olsun ki, bu həssaslıq bəzən hiss olunmur. Trend-in məlumatına görə, bunu Mətbuat Şurasının (MŞ) sədri Əflatun Amaşov bu gün Mətbuat Şurası tərəfindən "Media və məsuliyyət: mövcud durum və perspektiv vəzifələrə baxış" mövzusunda "dəyirmi masa"da çıxışı zamanı deyb.

Ə.Amaşov bildirib ki, həm təmas xəttində baş verən hadisələri, həm Milli Məclisə keçirilən seçkiləri və digər hadisələri nəzərə alaraq görürük ki, media öz işini lazımi qaydada yerinə yetirir və həssaslıq nümayiş etdirir: "Ancaq çox təəssüf ki, araşdırma apararkən o həssaslıq bəzən hiss olunmur".

Ə.Amaşov bildirib ki, yazılı mətbuatla yanaşı xəbər portalları da yaranıb və artıq sosial şəbəkələr də media kimi fəaliyyət göstərməyə başlayıb. Bəzən isə bir sıra xəbər saytları araşdırma aparmadan, imic xatirinə yoxlanılmamış məlumatlar yayırlar: "İkinci tərəfdən bilərəkdən və ya bilməyərəkdən ajiotaj yaradırlar. Üçüncü bir məqam da ondan ibarətdir ki, hadisələr baş verir, mətbuatda üç gün yayılır və bundan sonra hansısa qurumun mətbuat xidməti təkzib verir".

Ə.Amaşov onu da əlavə edib ki, dövlət qurumlarının mətbuat xidmətləri KİV-ləri vaxtlı-vaxtında məlumatla təmin etmir: "Əslində onların vəzifə borcudur ki, mətbuatı vaxtında məlumatlandırsınlar".

MŞ sədri əlavə edib ki, media ictimai yüklü informasiyaları diqqətdə saxlamalıdır: "Milli Təhlükəsizlik Nazirliyi kimi qurumla bağlı hansı ölkədə hadisə baş versəydi, mətbuatın diqqətindən yayınmazdı. Çox təəssüf ki, istər MTN, istər Rabitə və Yüksək Texnologiyalar Naziliyi ilə bağlı olsun, ölkənin bəzi aparıcı KİV-ləri öz vəzifələrini lazımi qaydada yerinə yetirsələr də, çox təəssüf ki, bir sıra KİV-lər bu dəfə də öz funksiyalarını yerinə yetirmədilər".

Ə.Amaşov bildirib ki, həmin xəbər saytları şantaj, təqib yolunu tuturlar, kiminsə həbs olunması və ya olunmaması ilə bağlı həqiqətə uyğun olmayan məlumat yayırlar: "Misal üçün filankəs niyə həbs olunmadı, filankəs hələ də vəzifə başındadır və s. Ola bilər ki, həmin adamlardan kimsə MTN olayları ilə bu və ya digər formada əlaqəlidir. Amma bu o demək deyil ki, həmin adamlar mənəvi təqibə, şantaja məruz qalmalıdırlar. Burada təəssüfləndirici məqamlardan biri də odur ki, bəzən həmin o qeyri ciddi saytların dezinformasiyalarına ciddi saytlar da istinad edirlər".

Ə.Amaşov qeyd edib ki, həmin media qurumları ilə bağlı hüquqi addımların atılması mümkün olsa da, indiyə qədər bu metoddan hələ istifadə edilməyib: "Amma bu o demək deyil ki, onlar yalan məlumatlar yaymalıdır".

Tədbirdə daha sonra çıxış edən Jurnalistlərin Həmkarlar İttifaqının sədri, Azərbaycan Mətbuat Şurasının sədr müavini Müşviq Ələsgərli təəssüflə bildirib ki, bəzi KİV-lərdə qarşı tərəfin mövqeyi nəzərə alınmır: "Qərəzli məlumatların yayılmasına maraq var. Son vaxtlar yayılan informasiyaların media aləminə heç bir aidiyyatı yoxdur. Bəzi "reket" saytlara müxtəlif şantaj xarakterli məlumatları tirajlamaq lazımdır. Hadisələrə etik media kontekstindən qiymət veriləndə məlum olur ki, burada heç bir etik prinsiplərə əməl olunmayıb. Bəzən bir sıra saytlar fəxrlə yazır ki, biz filan nazirin filan vaxtı azad olunacağı barədə məlumatı yaymışıq. Həmin məlumatı oxuyanda görürsən ki, bu cür məlumatlar qərəzli xarakter daşıyır. Bu cür əməllər yığışdırılmalıdır. Əgər qanunun sərt üzü göstərilsə, o zaman nə qədər media nümayəndəsi məsuliyyətə cəlb oluna bilər. Son vaxtlar dəb düşüb, bəzi "reket" saytlar bir neçə ad altında fəaliyyət göstərir. Hər hansı məlumatı pul qarşılığında saytdan çıxardıqdan sonra, həmin məlumat dərhal digər saytlara da qoyulur və oradan da çıxarılması üçün pul tələb olunur".

Tədbirdə çıxış edən "Xalq Cəbhəsi" qəzetinin baş redaktoru Elçin Mirzəbəyli deyib ki, dəqiqləşdirilməmiş, şantaj xarakterli məlumatlar yayan saytın əməlində cinayət əməli varsa, ona qarşı hüquqi addımlar atılmalıdır: "Belə əməllərlə məşğul olanlar şəbəkələşmiş formadadırlar. Ona görə də onların üzərinə fərdi formada getmək lazım deyil. Onların üzərinə kütləvi şəkildə getmək lazımdır. Bu günə qədər belə qrupların əməlinə diqqət yetirilməməsi onların himayə olunmasıdır. Yəni, təsadüfi deyillər. Ola bilər bu saytlar MTN tərəfndən himayə olunub. Bunu demək bir qədər çətindir. Amma belə saytların nüfuzlu şəxsləri necə şantaj etdiyinin şahidi olmuşam. Hətta özümə qarşı da şantaj olub".

"Səs" qəzetinin baş redaktoru Bəhruz Quliyev isə belə "xəbər" yayanları dövlətçilik mövqeyi nümayiş etdirməyə çağırıb. O, bildirib ki, belə hallar dövlətə və xalqa ziyan gətirirsə, ona dur deməyi bacarmaq lazımdır.

Tədbirdə çıxış edən APA Holdinqin prezidenti Vüsalə Mahirqızı vurğulayıb ki, media ictimai nəzarətin önəmli institutu kimi öz funskiyanı yerinə yetirməlidir. O qeyd edib ki, xəbər varsa yazılmalıdır: "Bizə xəbər yazmayın demirlər. Bizə yalan yazmayın deyirlər. Və yalan xəbər olmur heç vaxt. Xəbər tərif etibarilə obyektiv, qərəzsiz, tərəfsiz, qarşı tərəfin mövqeyinin işıqlandırıldığı, təsdiqini tapmış məlumata deyilir".

"525-ci qəzet"in baş redaktoru Rəşad Məcid çıxışında bildirib ki, əsası olmayan, yalan məlumat yayan media orqanlarının adları açıqlanmalıdır: ""Ziya Məmmədov həbs olunub", "Fazil Məmmədov işdən azad olunub" başlığı adı altında xəbər yayan media qurumlarının adları açıqlanmalıdır".

Daha sonra tədbirdə çıxış edən Azərbaycan Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru Vüqar Səfərli deyib ki, bu gün Azərbaycan mediasında əsası olmayan xəbərlər yayılır və bunların da əksəriyyəti onlayn mediada yayımlanır.

V.Səfərli təəssüflə qeyd edib ki, yalan xəbər yayanların adları açıqlanmır: "Bunların kimliyini hamı bilir. Təklif edirəm ki, bununla bağlı Monitorinq Qrupu yaradılsın. Bu saytların fəaliyyəti araşdırılsın və cəmiyyətə açıqlansın. Rabitə və Yüksək Texnologiyaları Nazirliyində baş verənlərlə bağlı şantaj xarakterli məlumatlar yayılır. Hər kəs bilir ki, o saytların arxasında kimlər durur. Mətbuat Şurası bu istiqamətdə ciddi tədbirlər görməlidir".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti