...

Allahşükür Paşazadə: Din amilindən istifadə edib Azərbaycanda çaxnaşma yaratmağa çalışırlar

Cəmiyyət Materials 12 Dekabr 2015 13:58 (UTC +04:00)
Azərbaycanın inkişafını istəməyən qüvvələr din amilindən istifadə edib ölkədə çaxnaşma yaratmağa çalışırlar
Allahşükür Paşazadə: Din amilindən istifadə edib Azərbaycanda çaxnaşma yaratmağa çalışırlar

Bakı. Elmir Murad - Trend:

Azərbaycanın inkişafını istəməyən qüvvələr din amilindən istifadə edib ölkədə çaxnaşma yaratmağa çalışırlar. Trend-in məlumatına görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə Nardaran hadisələrinə münasibət bildirərkən deyib.

Şeyxülislam qeyd edib ki, onlar islamın adından istifadə edirlər: "Onlardan soruşmaq lazımdır ki, siz Azərbaycan üçün nə etmisiniz? Mənim Nardaranda çoxlu dostlarım var. Onlar çox qonaqpərvər insanlardır. Və mən çox təəssüf edirəm ki, Taleh kimi adamlar Nardarandakı insanların qonaqpərvərliyindən başqa məqsədlər üçün istifadə edir".

QMİ sədri Prezident İlham Əliyevin Nardaran qəsəbəsinin inkişafına 12 milyon manat vəsait ayırmasına da münasibət bildirib: "Bəziləri deyir ki, guya Nardaranı istəmirlər. Baxın, "Günəşli" platformasında qəza baş verib, neft ucuzlaşıb. Amma dövlət başçısı Nardaranın inkişafı üçün 12 milyon manat pul ayırıb. Xüsusən biz dindarlar bu münasibətə qiymət verməliyik".

A.Paşazadə bildirib ki, ətrafda olan bəzi dövlətlərin Azərbaycanı gözü götürmür: "Bu gün Azərbaycanın inkişafını istəməyən qüvvələr bizim daxilimizdə din amilindən istifadə edib çaxnaşma yaratmağa çalışırlar. Biz şükür etməliyəm ki, ölkəmizdə firavanlıq hökm sürür. Bir sıra qanunlar qəbul edilirsə, qanunlara əlavə və dəyişikliklər edilirsə, deməli, belə məsləhətdir. Hər dövlət öz təhlükəsizliyini qorumalıdır".

Şeyx daha sonra "Günəşli" yatağında baş vermiş faciəyə toxunub: "Günəşli" yatağında baş verənlər bizim üçün imtahan idi. Çox böyük dərddir. Allah ölənlərə rəhmət eləsin, yaxınlarına səbr versin! Orada ölənlərin hamısı bizim balalarımız idi".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti