Bakı. İlhamə İsabalayeva - Trend:
Xəzər dənizinin sahil zolağında tullantı sularının idarə olunması üzrə keçirilən monitorinqlərin nəticələrinə görə, "Karvansaray" və "Binə" ticarət mərkəzlərində formalaşan tullantı suları zərərsizləşdirilmədən və təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır.
Trend Ekologiya və Təbii Sərvətlər Nazirliyinin apardığı araşdırmaların nəticələrinə əsasən bildirir ki, monitorinqlər zamanı Bakının Qaradağ rayonunun Sahil qəsəbəsinin sahil xətti boyunca bəzi yerlərdə sahəsi təqribən 2 ha olan gölməçələr olduğu, məişət və bərk tullantıların pərakəndə halda qalaqlanaraq yığıldığı da müşahidə edilib. Sözügedən rayonun Lökbatan qəsəbəsində fəaliyyət göstərən müəssisələrdən biri "Karvansaray" ticarət mərkəzində monitorinq zamanı müəyyən edilib ki, burada ay ərzində formalaşan orta hesabla 500 kubmetr həcmində tullantı suları zərərsizləşdirilmədən və təmizlənmədən birbaşa Xəzər dənizinə axıdılır.
Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşən "Binə" ticarət mərkəzində isə anbara yığılan tullantı suları zərərsizləşdirilmədən və təmizlənmədən nasoslar vasitəsilə birbaşa Qırmızı gölə, oradan da Xəzər dənizinə axıdılır. Həmçinin ticarət mərkəzinin ərazisində bərk və məişət tullantılarının Qırmızı gölün ətrafına pərakəndə şəkildə atılaraq qalaqlanması hallarına rast gəlinib.
Ələtin qeyri-qanuni zibilxanaları
Ələt qəsəbəsində formalaşan tullantı suları nasosxananın qəza xətti vasitəsilə, fərdi yaşayış evlərindən ibarət olan məhəllələrdə isə pərakəndə şəkildə müxtəlif axarlarla təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılır. Bundan başqa, məişət tullantıları da düzgün idarə olunmadığından qəsəbənin sahil xəttində bir neçə qeyri-qanuni zibilxana formalaşıb.
Bakıdakı "Crescent Beach" istirahət mərkəzi (İM) tullantı sularını ərazidə tikilmiş qurğuya ötürsə də, baxış zamanı onun işləmədiyi, tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən Xəzər dənizinə axıdılması müəyyən edilib. Eyni vəziyyət Salyan şosesinin 32-ci km-də yerləşən "Ramada Baku"da da müşahidə edilib.
Bibiheybət qəsəbəsində yerləşən "Dərya" istirahət mərkəzində balıq məhsullarının satışı üzrə restoran fəaliyyət göstərir. Mərkəzin sahil xəttində aparılan müşahidələr zamanı məlum olub ki, şamboya yığılan tullantı suları təmizlənmədən Xəzər dənizinə axıdılır.
Balıq məhsullarının satışı üzrə restoran kimi fəaliyyət göstərən "Xəzri" istirahət mərkəzində aparılan müşahidələr zamanı isə məlum olub ki, şambodan sızan tullantı suları təmizlənmədən Xəzər dənizinə axıdılır.
Rayonlarda tullantılar pərakəndə şəkildə yandırılır
Xaçmazda formalaşan tullantı suları, əsasən, təbii axarlar vasitəsilə Xəzər dənizinə axıdılır. Şəhərin mərkəzində toplanılan bərk məişət tullantıları rayon İcra Hakimiyyəti tərəfindən ayrılmış 2 ha sahəsi olan əraziyə daşınsa da, digər sahələrdə formalaşan bərk məişət tullantıları pərakəndə şəkildə müxtəlif yerlərə atılır.
Şabran rayonunda əsas ekoloji problem təmizləyici qurğuların olmaması və formalaşan tullantı sularının təbii axarlar (Dəvəçiçay və Dərəçay) vasitəsilə Xəzər dənizinə axıdılmasıdır.
Şabran rayonunda formalaşan bərk məişət tullantıları Güləmli kəndində nəzərdə tutulmuş 1 ha-lıq poliqona daşınması əvəzinə, şəhərin bəzi yerlərində və bəzi kəndlərdə pərakəndə şəkildə atılaraq yandırılır. Bundan başqa, rayon ərazisindən keçən Dəvəçiçay, Şabrançay və Samur-Abşeron kanalının ətrafında salınmış yaşayış sahələrində formalaşan bərk məişət tullantıları da çay və kanal ətrafı ərazilərə atılır.
Siyəzən rayonundan Xəzər dənizinə tökülən Ataçay və Gilgilçay suvarma məqsədləri üçün yararlı olsa da, rayon ərazisində çirklənməyə məruz qalan təbii axarlardır. Rayonda fəaliyyət göstərən "Azərsu" ASC-nin Siyəzən rayon Sukanal İdarəsində monitorinq keçirərkən məlum olub ki, 2011-ci ildə yeni kanalizasiya xətlərinin və tullantı sularının təmizlənməsi üçün nəzərdə tutulmuş qurğunun inşasına başlansa da, işlər hələ də yekunlaşmayıb. Bu səbəbdən də formalaşan tullantı suları köhnə xətlər vasitəsilə yararsız vəziyyətə düşmüş mexaniki təmizləyici qurğuya yönəldilir.
Təkliflər...
Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsi bildirir ki, Xaçmaz, Şabran və Siyəzən rayonlarında formalaşan tullantı sularının təmizlənmədən və zərərsizləşdirilmədən birbaşa Xəzər dənizinə axıdılması dənizin ekosisteminə mənfi təsir göstərə bilər. Buna görə də Xaçmaz, Şabran və Siyəzən rayonlarında aidiyyəti qurumlar tərəfindən müasir standartlara cavab verən təmizləyici qurğular quraşdırılmalıdır.
Qaradağ rayonunda aidiyyəti qurumların tabeliyində olan kanalizasiya xətlərinin, nasosxanaların normal iş rejimi bərpa edilməzsə, sahilboyu ərazilərdə tullantı su gölməçələrinin artmasına, bataqlıqların əmələ gəlməsinə, eyni zamanda ekoloji vəziyyətin daha da gərginləşməsinə səbəb ola bilər. Ərazilərdə yığılıb qalmış bərk məişət tullantılarının qanunvericiliyə əsasən poliqonlara daşınması tədbirləri görülməlidir.
Ələt qəsəbəsində mövcud təmizləyici qurğular işlək vəziyyətə gətirilməli, yaxud müasir standartlara cavab verən yeni qurğular quraşdırılmalı, eyni zamanda sözügedən qəsəbələr mərkəzləşdirilmiş kanalizasiya şəbəkəsi ilə tam təmin olunmalıdır. "Gresent Beach" və "Ramada Baku" istirahət mərkəzilərində mövcud olan qurğuların normal iş rejimi bərpa olunmazsa, buradan axıdılan tullantı suları Xəzər dənizində ekoloji pozuntulara səbəb ola bilər.
Həmçinin "Binə" ticarət mərkəzindən Qırmızı gölə axıdılan tullantı sularının, bərk və məişət tullantılarının gölün ətrafına atılmasının qarşısı alınmalıdır.