...

Tərcümə Mərkəzinin Azərbaycan dili kurslarına maraq artır

Cəmiyyət Materials 7 Yanvar 2016 16:39 (UTC +04:00)

Bakı. Trend:

Azərbaycan Nazirlər Kabineti yanında Tərcümə Mərkəzi artıq bir ilə yaxındır ki, tərcümə sahəsinin təkmilləşdirilməsi məqsədilə ixtisasartırma və dil kursları ilə yanaşı, dövlət dilinin təbliği istiqamətində qeyri-rezidentlər (Azərbaycanda yaşayan xarici vətəndaşlar) üçün Azərbaycan dili kursları təşkil edir.

Mərkəzdən Trend-ə verilən məlumata görə, dil kursları, müxtəlif səviyyələr və pillələr üzrə - ingilis, alman, fransız, ispan, italyan, rus, türk, fars, ərəb dilində təşkil edilir.

Dillər və sahələr üzrə ixtisasartırma kurslarına maraq daha çox özünü media, rəsmi və hüquqi sənədləşmə, iqtisadiyyat, maliyyə və bədii tərcümə sahələrində büruzə verir.

Qeyri-rezidentlər üçün Azərbaycan dili kurslarına gəlincə, bu dərslərə qatılanların sayı gündən-günə artır.

2015-ci ilin fevral ayından fəaliyyətə başlamış bu kurslarda birinci mərhələdə Kuba, Serbiya, İspaniya və Niderlandın ölkəmizdə fəaliyyət göstərən fövqəladə və səlahiyyətli səfirləri, həmçinin digər səfirliklərin əməkdaşları iştirak ediblər. İkinci mərhələdən başlayaraq, dərslərə Avstriyanın Azərbaycandakı konsulu və səfir müavini, Braziliya səfirliyinin əməkdaşları və Bakıda yaşayan bir neçə Braziliya vətəndaşı, eləcə də Pakistan səfirliyinin hərbi attaşesi qatılıb. Azərbaycan dili kurslarına maraq göstərən qeyri-rezidentlər sırasında dərslərə iki, ayrıca qrupla qatılan Rusiya səfirliyinin, həmçinin Hindistan, Yaponiya, Türkmənistan və Tacikistanın Azərbaycanda fəaliyyət göstərən səfirliklərinin əməkdaşları var.

Hazırda Azərbaycan dili üzrə yeni qrupların təşkili ilə bağlı sənədləşmə işləri aparılır.

Dil kurslarının müddəti 6-12 ay, ixtisasartırma kurslarının müddəti isə tərcüməçinin səviyyəsindən asılı olaraq 2-6-12 aydır. Məşğələlər, dərs müddəti 1,5 saat olmaqla, həftədə 2 dəfə Tərcümə Mərkəzinin inzibati binasında keçirilir.

Kurslara qeydiyyata düşmək üçün sənədlər aşağıda qeyd olunmuş elektron poçt ünvanına göndərilə, yaxud kağız formatında Tərcümə Mərkəzinin kurs rəhbərliyinə təqdim edilə bilər.

Kurslara qeydiyyat üçün lazım olan sənədlər:

1) Şəxsiyyət vəsiqəsinin surəti
2) 2 ədəd fotoşəkil
3) CV

Ünvan: Əlimərdan Topçubaşov küçəsi, 74
E-mail: [email protected]
Əlaqə telefonu: (+994 12) 595-10-69

Məqalədə:
Xəbər lenti

Xəbər lenti