Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanın 12 bölgəsində - 9 rayon və 3 şəhərində keçirilən diaqnostik qiymətləndirilmədə ibtidai sinif, riyaziyyat, Azərbaycan dili və ədəbiyyat fənn müəllimlərinin göstərdikləri nəticələr elə də yüksək deyil.
Bunu Trend-ə Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini İlham Nağıyev deyib.
Onun sözlərinə görə, həmin fənlər üzrə 70 faizdən yüksək nəticə göstərən müəllimlərin sayı 50 faizə gəlib çatmır.
İ.Nağıyev əlavə edib ki, coğrafiya, rus dili, rus dili ədəbiyyatı, ingilis dili, tarix fənnləri müəllimlərinin yarıdan çoxu - 70 faizdən daha yüksək nəticə göstərib.
Bunu yüksək nəticə hesab edən nazirlik rəsmisi qeyd edib ki, ümumilikdə diaqnostik qiymətləndirmənin nəticələrini çox qənaətbəxş saymaq olar: "Hazırda nazirlik bu nəticələrin üzərində təhlillər aparır. Təhlillər rayon və şəhərlər, təhsil pillələri, fənlər - ümumilikdə bütün meyarlar üzrə aparılır. Bu təhlillərin nəticələri təlim proqramlarında nəzərə alınacaq. Eyni zamanda, nazirlik buna uyğun müvafiq addımlar da atacaq".