Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda diaqnostik qiymətləndirmədən keçən müəllimlərin əməkhaqları 30-40 faiz artırılacaq.
Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, ölkənin 12 bölgəsi üzrə keçirilən diaqnostik qiymətləndirməyə dəvət olunmuş 25 989 nəfərdən 25 693-ü (98,86 faiz) imtahanda iştirak edib. Onların təxminən 1 faizi müvafiq keçid balını toplaya bilmədikləri üçün qiymətləndrimədən keçməyib. Əməkhaqqı artımı diaqnostik qiymətləndirmədən keçən 25 431 müəllimə (qiymətləndirmədə iştirak edən müəllimlərin 99 faizi) şamil ediləcək.
Əməkhaqqı artımının məbləği müəllimin dərs yükündən, pedaqoji fəaliyyət üzrə stajından, ali və ya orta ixtisas təhsilli olmasından, sinif rəhbəri və fəxri adının olub-olmamasından və digər bir neçə meyardan asılıdır. Bu meyarlara uyğun olaraq, əməkhaqları 30-40 faiz artırılacaq.
Müxtəlif səbəblərə görə qiymətləndirmədə iştirak edə bilməyən və işə yeni qəbul olunan müəllimlərin diaqnostik qiymətləndirilməsi 2016-cı il ərzində keçiriləcək. Növbəti mərhələdə isə respublikanın bütün şəhər və rayonlarında müəllimlərin bilik və bacarıqlarının diaqnostik qiymətləndirilməsi aparılacaq.