...

Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində 2015-ci ilin yekunlarına dair mətbuat konfransı keçirilib

Cəmiyyət Materials 15 Yanvar 2016 11:21 (UTC +04:00)

Bakı. Samir Əli - Trend:

Bu gün Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində qurum tərəfindən 2015-ci il ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərə dair kütləvi informasiya vasitələri və qeyri-hökümət təşkilatları nümayəndələrinin iştirakı ilə mətbuat konfransı keçirilib.

Trend-in məlumatına görə, tədbirdə Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev görülmüş işlər barədə ətraflı məlumat verib.

K.Əliyev bildirib ki, ötən dövrlərdə olduğu kimi 2015-ci ildə də bütün sahələrdə mühüm nailiyyətlər qazanılmaqla irimiqyaslı uğurlara imza atılıb.

Hesabat dövründə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi, işçi heyətin yeni kadrlarla komplektləşdirilməsi məqsədi ilə müxtəlif vəzifələrə 45 kadr təyinatı aparılıb.

Ötən il 301 şəxs barəsində 207 cinayət işinin istintaqının tamamlandığını deyən K.Əliyev qeyd edib ki, onlardan 295 şəxs barəsində 200 cinayət işi baxılmaq üçün məhkəmələrə göndərilib.

Onun sözlərinə görə, istintaqı tamamlanmış cinayət işlərindən ümumilikdə 206 şəxs barəsində 119 iş Ağır Cinayətlər Məhkəmələrinə, 89 şəxs barəsində 81 iş isə yerli rayon (şəhər) məhkəmələrinə göndərilib: "2015-ci il ərzində məhkəmələrə göndərilən 200 cinayət işindən 107 şəxs barəsində 73 iş qulluq mövqeyindən istifadə etməklə mənimsəmə və israf etmə, 64 şəxs barəsində 52 iş qulluq mövqeyindən istifadə etməklə dələduzluq, 41 şəxs barəsində 24 iş vəzifə səlahiyyətlərindən sui-istifadə, 34 şəxs barəsində 14 iş rüşvət alma, 13 şəxs barəsində 9 iş rüşvət vermə, 1 şəxs barəsində 1 iş nüfuz alveri, 12 şəxs barəsində 12 iş saxta sənədlərdən istifadə etmə, 7 şəxs barəsində 4 iş vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə, 9 şəxs barəsində 6 iş vəzifə saxtakarlığı, 3 şəxs barəsində 2 iş hədə-qorxu ilə tələb etmə, 1 şəxs barəsində 1 iş qanunsuz sahibkarlıq, 2 şəxs barəsində 1 iş cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin leqallaşdırılması və 1 şəxs barəsində 1 iş isə digər faktla əlaqədar olub".

İdarə rəisi qeyd edib ki, istintaqı başa çatdırılmış işlər üzrə cinayətin törədilməsinə şərait yaradan halların aradan qaldırılması məqsədi ilə aidiyyəti müəssisə və təşkilatlara 49 təqdimat verilib, həmin təqdimatlara əsasən bir sıra əməkdaşlar intizam qaydasında cəzalandırılıb, aşkar edilmiş qanun pozuntularının aradan qaldırılması üçün zəruri tədbirlər görülüb.

K.Əliyev 2015-ci il ərzində məhkəmələrə göndərilmiş 200 cinayət işindən 165-nin maddi ziyanla əlaqədar olduğunu bildirib. Onun sözlərinə görə, əməliyyat qurumları tərəfindən 31 şəxs barəsində 27 cinayət işi başlanıb: "Hesabat dövründə Baş İdarədə 190 müraciət və digər məlumatlara cinayət xarakterli material kimi baxılıb, 138 material üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb, 51 material üzrə isə cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərar qəbul edilib, 1 material isə aidiyyəti üzrə göndərilib. Bunlardan 23-ü rüşvət, 35-i vəzifədən sui-istifadə, 66-ı dələduzluq, 32-i mənimsəmə, 12-i saxta sənəddən istifadə, 4-ü saxta müflisləşmə, 4-ü qanunsuz sahibkarlıq, 14-ü isə digərləri ilə əlaqədar olub".

K.Əliyev deyib ki, aparılan araşdırmalar nəticəsində yol verilmiş qanun pozuntularının aradan qaldırılması və qeyd olunan qanun pozuntularına şərait yaradan halların gələcəkdə bir daha təkrar törədilməməsi üçün müxtəlif dövlət qurumları və vəzifəli şəxslərə 22 təqdimat göndərilib.

2015-ci il ərzində “Qaynar xətt” əlaqə mərkəzinə daxil olmuş 30 müraciət üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanıb.

Baş İdarədə 2614 vətəndaş qəbul edilib ki, bunlardan 422-i Baş İdarə rəisi, 171-i Baş İdarənin idarə və şöbə rəisləri, 2021-i növbətçi prokurorlar tərəfindən qəbul edilib.

İdarə rəisi bildirib ki, istehlak bazarında baş verə biləcək süni qiymət artımı, inhisarçılıq və sui-istifadə hallarına qarşı 29 dekabr 2015-ci il tarixdə İqtisadiyyat və Sənaye Nazirliyinin Antiinhisar Siyasəti və Dövlət Xidməti ilə birgə təsdiq edilmiş tədbirlər planının icrası ilə əlaqədar Baş İdarə tərəfindən zəruri qabaqlayıcı və inzibati, o cümlədən cinayət təqibi tədbirləri ardıcıl olaraq davam etdirilir.

Baş İdarə 2015-ci ildə Birləşmiş Millətlər Təşkilatının (BMT) Narkotiklər və Cinayətkarlıq üzrə İdarəsi (UNODC), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan dövlətlər qrupu (GRECO), Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA), Beynəlxalq Prokurorlar Assosiasiyası (IAP), Beynəlxalq Antikorrupsiya Orqanları Assosiasiyası (IAACA) kimi nüfuzlu beynəlxalq təşkilatlarla, habelə İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının (OECD) Şərqi Avropa və Mərkəzi Asiya üzrə Antikorrupsiya Şəbəkəsinin İstanbul Fəaliyyət Planı və bir sıra digər beynəlxalq təşəbbüslər çərçivəsində səmərəli qarşılıqlı əməkdaşlıq həyata keçirib. 2015-ci il ərzində Baş prokuror Zakir Qaralovun Beynəlxalq Antikorrupsiya Akademiyası (IACA) kimi nüfuzlu beynəlxalq qurumun ali idarəetmə orqanına - Assambleyasına sədrlik etməsi, habelə qarşılıqlı əlaqələrin uğurla inkişaf etdirilməsinin məntiqi nəticəsi kimi Milli Məclisin deputatı Vüsal Hüseynov 6 il müddətinə adıçəkilən təşkilatın İdarə Heyətinə üzv seçilib.

K.Əliyev deyib ki, cari ilin fevralında Malayziyanın Antikorrupsiya Komissiyası ilə Baş İdarə arasında Anlaşma Memorandumunun imzalanması nəzərdə tutulub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti