...

Yeni araşdırma - Hansı şəxs adlarını milli hesab etmək olar?

Cəmiyyət Materials 5 Fevral 2016 17:00 (UTC +04:00)
Azərbaycanda ilk dəfə olaraq, şəxs adları qruplaşdırılaraq sistemləşdirilib.
Yeni araşdırma - Hansı şəxs adlarını milli hesab etmək olar?

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda ilk dəfə olaraq, şəxs adları qruplaşdırılaraq sistemləşdirilib. Bunu Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının Terminologiya şöbəsinin müdiri, Nazirlər Kabineti yanında Terminologiya Komissiyasının sədr müavini Sayalı Sadıqova deyib.

İstifadə etdiyimiz şəxs adlarının mənşəyinə görə müxtəlif cəhətlərə malik olduğunu deyən S.Sadıqova bildirib ki, şəxs adları mənşəcə iki qrup üzrə formalaşdırılıb. Bunlardan biri xalis Azərbaycan, yəni milli adlar, digərləri isə alınma şəxs adlarıdır.

S.Sadıqova deyib ki, xalis Azərbaycan adları qrupuna daxil olan adlar dilimizin öz sözləri və qanunları əsasında tarixən formalaşıb. Bu qrupa daxil olan adlara Yaşar, Solmaz, Sevil, Sevinc, Gülüş kimi adları nümunə göstərmək olar.

Azərbaycan adlarının meydana gəlməsinin özünəməxsus yolları olduğunu deyən S.Sadıqova qeyd edib ki, Azərbaycanda Qacar, Əfşar, Bayat, Əfşan, Oğuz, Əfqan kimi adlar xalq, nəsil adları ilə bağlı əmələ gələn şəxs adları hesab edilir.

Onun sözlərinə görə, Azərbaycanda qohumluq, əqrəbalıq anlayışları ilə bağlı onlarla şəxs adı yaranıb ki, bu qrupa daxil olan adlara da Nənəxanım, Ataxan, Ağabacı, Ağaəmi, Atakişi, Ağababa və başqalarını misal göstərmək olar. Fərəh, Arzu, Sevil, Səadət, Nəhayət, Amal, Yetər, Sevindik, Kifayət, Tamam, Qızbəs, Alim ailənin istək və münasibətilə bağlı şəxs adları, Altay, Qafqaz, Qoşqar, Himalay, Savalan, Misir, Təbriz, Şirvan, Elbrus, Asiya, Mədinə, Fərqanə, Tehranə, Tehran yer adları ilə bağlı şəxs adları sayılır: "Su obyektlərinin adları ilə bağlı şəxs adlarına Dərya, Dəniz, Damla, Ümman kimi adları misal göstərmək olar. Bu əsas sözlərdən yeni şəxs adları da yaradılıb ki, bunlar Dəryanur, Nurdərya, Ümmagüldür. Xəzər, Araz və s. kimi adlar isə konkret su obyekti adlarından yaranan adlar sayılır".

S.Sadıqova qeyd edib ki, dilimizdə Zöhrə, Hilal, Ülkər, Ulduz, Günay, Aynur, Aytən, Aygün, Aygül adları fəza cisimlərinin adları əsasında meydana çıxıb. Nizami, Füzuli, Nəsimi tarixi şəxsiyyətlərin adı ilə, Brilyant, Zümrüd, Gümüş, Füruzə, Almaz, Yaqut, Mirvari daş-qaş adları ilə bağlı yaranan şəxs adları hesab edilir.

Alim alınma şəxs adlarının işlənmə tarixinin qədim olduğunu da açıqlayıb: "Azərbaycanlılar qədim dövrlərdən başlayaraq bir çox xalqlarla qonşuluq münasibətində olub və uzun müddət eyni dövlət tərkibində yaşayıblar. Buna görə də bir çox adlar Azərbaycan dilindən başqa dillərə, o cümlədən başqa dillərdən Azərbaycan dilinə keçib".

S.Sadıqova deyib ki, fars ad sistemində xalis türk mənşəli Aslan, Bəylər, Balaş, İlxan (Elxan), Tərxan, Ceyran, Gəlin kimi adlar var: "Bu baxımdan Azərbaycan dilində də bir sıra fars adlarının olması təbiidir. Azərbaycan dilində fars antroponimlərinin əksəriyyəti klassik poeziyadan, xüsusən Firdovsinin "Şahnamə" dastanından gəlir. Firudin, Firəngiz, Rüstəm, Əfrasiyab, Səyavuş , Firdovsi, Hafiz, Xəyyam kimi adlar buna nümunədir. Qədim İran, Midiya və türk dillərinin bizim ərazidə eyni qaynaqlardan bəhrələndiyini nəzərə alsaq, bir sıra fars adlarının, əslində, bizimlə ən azından müştərək olduğunu unutmamalıyıq".

O, əlavə edib ki, məişətimizdə ərəb adları əvvəllər olubsa da, İslam dini onların sayının dəfələrlə artmasına səbəb olub: "Ağqoyunlu dövlətində Sara xatun, Xədicə bəyim, Uzun Həsən, Uğurlu Məhəmməd adları bu baxımdan səciyyəvidir. Uzun müddət hesab etmişik ki, şəxs adı mənaca açıq-aydın yox, sirli, əsrarəngiz olmalıdır. Belə əqidə isə yad mənşəli adların doğmaları sıxışdırmaq imkanını bir az da artırıb. Bu səbəbdən bizdə əvvəllər Günəş adı yox dərəcəsində idi. Amma ərəbcə Şəmsi, Şəmsiyyə, Şəmsəddin, farsca Afitab, Xurşid var idi. İndi geniş şəkildə işlənən "ay" komponentli Aynur, Aytən, Aygün, Aysel adları əvəzinə ərəbcə Qəmər, farsca Mehparə, Məhliqa, Mahtaban, Mahrux adları verilirdi. İş o yerə gəlib çatmışdı ki, qızlarımıza sadə, anlaşıqlı Göyərçin əvəzinə farsca Kəbutər, Ulduz əvəzinə Kövkəb adı qoyulardı. Halbuki bir qayda olaraq, farslar Kəbutər, ərəblər Kövkəb adlarını qoymurlar".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti