...

ATU-nun Tədris Terapevtik Klinikasında müalicə olunan 5 yaşlı uşaq ölüb - Klinika rəhbəri açıqlama verdi

Cəmiyyət Materials 11 Mart 2016 14:29 (UTC +04:00)
Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunan 5 yaşlı uşaq ölüb.
ATU-nun Tədris Terapevtik Klinikasında müalicə olunan 5 yaşlı uşaq ölüb - Klinika rəhbəri açıqlama verdi

Bakı. Samir Əli - Trend:

Azərbaycan Tibb Universitetinin Tədris Terapevtik Klinikasında müalicə olunan 5 yaşlı uşaq ölüb. Bu barədə Trend-ə klinikanın direktoru, professor Surxay Musayev açıqlama verib.

S.Musayev bildirib ki, martın 7-də axşam saat 19:30 radələrində 5 yaşlı Hövsan sakini Ömər Fətəliyev Ə.Qarayev adına 2 saylı Bakı Şəhər Klinik Uşaq Xəstəxanasının reanimasiya şöbəsindən ağır vəziyyətdə Tədris Terapevtik Klinikasına köçürülüb: "Bu zaman uşaqda kamatoz vəziyyət qeyd olunub, bəbəklərin işığa, bədənin ağrı qıcığına reaksiyası olmayıb. Uşaq demək olar ki, heç bir fizioloji reflekslərə cavab verməyib, hətta həkimlər tərəfindən zondla qidalandırılırmış. Valideynlərin dediyinə görə, uşaqda martın 4-də bağçadan evə gələn zaman yüksək hərarətlə müşayiət olunan qusma halı baş verib. Anası ilkin tibbi yardım kimi uşağa qızdırma salan "Nurafen" adlı dərman vasitəsi verib. Dərman kömək etmədiyindən, gecə təcili-tibbi yardım çağırıblar, onlar uşağa müəyyən köməkliklər ediblər. Martın 5-də uşağın vəziyyəti yaxşılaşmadığı üçün poliklinikaya, oradan da Əmircandakı xəstəxanaya göndərilib. Sonra həkimlər edilən müdaxilələrin yersiz olduğunu başa düşdükləri üçün uşağı 1 saylı Şəhər Klinik Xəstəxanasına göndəriblər. Burada rentgen, USM müayinəsi aparılaraq, heç bir cərrahi problem olmadığı deyilib. Sonra onu Qarayev adına Uşaq Xəstəxanasına gətiriblər. Xəstəxanada uşaq reanimasiya şöbəsinə yerləşdirilib. Bu zaman həkimlər uşaqda yüksək hərarət və onun huşunun alaqaranlıq olduğunu aşkar ediblər. Sabahı gün isə uşaq koma vəziyyətinə düşüb".

S.Musayev bildirib ki, Qarayev adına Uşaq Xəstəxanasında edilən müdaxilələrin heç bir nəticə vermədiyini görən valideynlər onun Tibb Universitetinin Tədris Terapevtik Klinikasına köçürülməsi üçün müraciət ediblər: "Uşaq reanimasiya şöbəsinə yerləşdirilən zaman onun vəziyətinin ağırlaşdığı və yaşama şansının çox aşağı olduğu haqda valideynlərinə məlumat verildi. Buna baxmayaraq valideynləri uşağın Klinikaya qəbul olunması üçün xahiş etdilər. Klinikada həkimlər tərəfindən bütün intensiv reanimasiya tədbirləri görüldü, təcili müayinələr aparıldı. Amma buna baxmayaraq, ayın 9-da saat 7 radələrində uşaq həyatını itirdi".

Direktor vurğulayıb ki, Klinikada olduğu iki gün müdətində uşağa ensefalit, beyin ödemi, (plevrit və pnevmoniya), sepsis diaqnozu qoyulub: "Həmçinin uşaqda poliorqan (qaraciyər, ağciyər və ürək çatışmazlığı) aşkar edilib. Eyni zamanda, uşaq Klinikaya köçürülməzdən əvvəl valideynlərinə Klinikanın Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 dekabr 2010-cu il tarixli 361S saylı sərəncamına əsasən, özünümaliyyələşdirmə prinsipi ilə (təsərüfat hesablı olduğu) fəaliyyət göstərdiyi bildirilib. Valideynləri bu barədə heç bir problem olmadığını qeyd edərək, müvafiq müqavilə imzalayıblar. Hazırda uşağın ölümü ilə əlaqədar valideynlərinə onların qalan borclarının Klinikanın daxili imkanları hesabına ödəniləcəyi haqqında məlumat vermişik".

S.Musayev qeyd edib ki, qaydalara əsasən, Klinikada ölüm hadisəsi baş verdikdə və ya xəstə evə yazılan zaman borcların olması haqqında həmin şəxslərə məlumat verilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti