...

"Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradıldı

Cəmiyyət Materials 14 Mart 2016 12:25 (UTC +04:00)
Azərbaycanda “Məktəbəqədər təhsil haqqında” yeni qanun layihəsi hazırlanacaq.
"Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsinin hazırlanması üçün işçi qrup yaradıldı

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanda "Məktəbəqədər təhsil haqqında" yeni qanun layihəsi hazırlanacaq. Bu məqsədlə artıq yeni işçi qrup yaradılıb.

Trend-in məlumatına görə, bu barədə Milli Məclisin Elm və təhsil komitəsinin bu gün keçirilən iclasında bildirilib.

Komitənin sədri İsa Həbibbəyli deyib ki, "Təhsil haqqında" qanuna görə, Azərbaycanda məktəbəqədər təhsil 3 yaşdan, 5 yaşdan isə məktəbəhazırlıq dövrü başlayır.

Artıq məktəbəqədər təhsillə bağlı bir sıra ölkələrin təcrübələrinin öyrənildiyini deyən İ.Həbibbəyli bildirib ki, qanun layihəsinin hazırlanması MM-in yaz sessiyasının gündəliyinə daxil edilib: "Layihənin ilkin variantının mayın ortalarına qədər hazırlanması planlaşdırılır. Əgər layihənin hazırlanmasını çatdıra bilsək, onu I oxunuş üçün də MM-in müzakirəsinə verə bilərik. Biz məktəbəqədər təhsilə dair əsas anlaylışları, yeni baxışları əlavə etməliyik. Layihə hazırlanarkən bu sistemin bütün mənzərəsi, prinsipləri nəzərə alınmalıdır. Layihədə mütləq məktəbəqədər təhsilin yaş həddini, hətta yaş qruplarını müəyyən etməliyik. Məktəbəqədər təhsil müəssisələrinin idarə edilməsi, maliyyələşdirilməsi, məktəbəqədər təhsildə təlim-tərbiyə işlərinin təşkili, maddi-texniki bazasının qurulması kimi məsələləri layihənin ayrı-ayrı fəsillərinin əsas istiqamətlərinə çevirməliyik".

Komitə sədri əlavə edib ki, hazırda Azərbaycanda məktəbəqədər təhsil sahəsi Nazirlər Kabinetinin 2010-cu ildə təsdiqlədiyi "Məktəbəqədər təhsilin dövlət standartları və proqramı" və NK-nın 2012-ci ildə təsdiqlədiyi "Məktəbəqədər təhsil müəssisəsinin nümunəvi nizamnaməsi" adlı sənədləri ilə tənzimlənir. Yeni layihədə həmin sənədlərin bir sıra müddəaları daxil ediləcək.

İ.Həbibbəyli qeyd edib ki, "Təhsil haqqında" qanunun 2-ci fəslinin 18-ci maddəsi bütünlüklə məktəbəqədər təhsilə həsr edilib. Lakin "Təhsil haqqında" qanun çərçivə qanunu olduğundan orada məktəbəqədər təhsillə bağlı yalnız ümumi müddəalar-məktəbəqədər təhsilin əsas məzmunu, yaş həddi, əhatə dairəsi və s. öz əksini tapıb.

Azərbaycanda məktəbəqədər təhsil müəssisələrinin yalnız dövlət, özəl və bələdiyyə tiplərinin olduğunu xatırladan İ.Həbibbəyli deyib ki, hazırda dünyada məktəbəqədər təhsilin müxtəlif tipləri - görmə, eşitmə, nitq qabiliyyəti zəif olan uşaqlar üçün xüsusi ixtisaslaşmış məktəbəqədər müəssisələri, korporativ, ailə tipli, internat tipli məktəbəqədər təhsil tipləri var.

İ.Həbibbəyli deyib ki, məktəbəqədər təhsil müəssisələrinin tabeciliyi və onların hansı orqanın tabeçiliyində fəaliyyət göstərməsi qanun predmeti deyil: "Azərbaycanda kimsəsiz uşaqlar üçün uşaq evləri var. Qanun layihəısində bu məsələ də öz həllini tapmalıdır".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti