...

Binəqədi rayonunda Novruz şənliyi keçirilib (FOTO)

Cəmiyyət Materials 19 Mart 2016 16:51 (UTC +04:00)
Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Binəqədi rayonunda ümumrayon şənliyi keçirilib.
Binəqədi rayonunda Novruz şənliyi keçirilib (FOTO)

Bakı. Trend:

Ulularımızdan bizə yadigar qalan, milli ruhumuzu və yaddaşımızı bütün zənginliyi ilə özündə əks etdirən Novruz bayramı münasibətilə Binəqədi rayonunda ümumrayon şənliyi keçirilib.

Bolluğun, bərəkətin və xeyirxahlığın təcəssümü olan Novruz ümumxalq bayramı kimi hər il Binəqədi rayonunda müxtəlif el şənlikləri və mərasimlərlə qarşılanır. Rayonun Heydər Əliyev adına mədəniyyət və istirahət parkında keçirilən ümumrayon Novruz şənliyində rayon rəhbərliyi, millət vəkilləri, Multikulturalizm Dövlət Müşavirliyi Xidmətinin əməkdaşları, rayonun icra strukturlarının və hüquq-mühafizə orqanlarının rəhbərləri, eləcə də ictimaiyyət nümayəndələri iştirak ediblər. Ululuq və ağsaqqallıq rəmzi sayılan Dədə Qorqud, eləcə də Bahar qızı bayram münasibəti ilə rayon sakinlərini təbrik edərək yeni ildə ölkəmizə bol ruzi-bərəkət və əminamanlıq arzulayıblar.

Qədim ənənələrimizin canlandırıldığı şənlikdə Dədə Qorqud bayram tonqalını qalamaqla bu şad gündə el-obanı birliyə, həmrəyliyə dəvət edib.

Daha sonra rayon rəhbərliyi və qonaqlar Novruzun özənəməxsus xüsusiyyətlərini və milli adət-ənələrimizi əks etdirən eksponatlarla tanış olublar. Rayonun təhsil və mədəniyyət müəssisələri tərəfindən "Multikulturalizm ili" ilə əlaqədar hazırlanan nümunələr nümayiş olunub. Bayram tədbirinin iştirakçıları Gədəbəyin Novosaratovka, İsmayıllı rayonunun İvanovka və Lahıc qəsəbələrindəın dəvət olunan müxtəlif icmalarla, həmçinin, müxtəlif ölkələrin və azsaylı xalqların milli mətbəxi və mədəniyyəti ilə tanış olublar.

Binəqədi rayon İcra Hakimiyyətinin başçısı Xaləddin İsgəndərov xalqımızın ən əziz bayramlarından biri olan Novruz bayramı münasibətilə rayon ictimaiyyətini təbrik edib.

Bayram tədbirində rayonun təhsil və mədəniyyət müəssisələrinin kollektivləri tərəfindən hazırlanan müxtəlif milli oyun və folklor nümunələri nümayiş etdirilib. Novruz şənliyində sərgilənən çoxəsrlik maddi-mədəni irsimizi, qədim milli adət-ənənələrimizi özündə əks etdirən eksponatlar və milli geyimlərimiz rayon ictimaiyyətinin və qonaqların böyük marağına səbəb olub. Parkın bir tərəfində isə yeniyetmə və gənc idmançılar müxtəlif idman numunələri ilə çıxış ediblər. Cəngi sədaları altında kəndirbaz və gənc pəhləvanlar öz məharətlərini göstəriblər. Tarixi min illərlə ölçülən, mənəvi irsimizi, mədəni dəyərlərimizi, milli xarakter və düşüncəmizi, həyat tərzimizi özündə ehtiva edən ənənələrlə zəngin Novruzun gəlişi münasibətilə təşkil olunan bayram şənliyi sakinlər tərəfindən böyük maraqla qarşılanıb. Novruz atributları ilə bəzədilən parkda keçirilən bayram tədbiri respublikanın tanınmış incəsənət ustalarının iştirakı ilə təqdim olunan maraqlı konsert proqramı ilə davam edib. Sevilən sənətçilərin ifasında bir-birindən gözəl xalq musiqilərimiz, Novruz mərasimlərini, milli birlik və həmrəyliyimizi tərənnüm edən nəğmələr səsləndirilib. Novruzun əsas personajları olan Kosa və Keçəlin bir-birindən maraqlı çıxışları, uşaq bağçalarının balaca sakinləri tərəfindən təqdim olunan bayram əhval-ruhiyyəli səhnəciklər, eləcə də baharı, Azərbaycanı tərənnüm edən mahnılar sakinlərdə xoş ovqat yaradıb. Gədəbəyin Novosaratovka kəndinin "Sudaruşka" folklor ansamblı, İsmayıllının İvanovka kəndinin və Lahıc qəsəbəsinin Xalq folklor kollektivlərinin rəngarəng çıxışları tədbir iştirakçıları tərəfindən böyük maraqla qarşılanıb.

Sonda rayonun ictimai-siyasi və mədənin həyatında fərqlənən bir qrup şəxs, eləcə də bayram şənliyinə müxtəlif rayonlardan dəvət olunun kollektivlər Fəxri fərman və xatirə hədiyyələri ilə mükafatlandırılıb.

Bayram tədbiri, səməni və bayram şirniyyatları formasında tortun kəsilməsi ilə yekunlaşıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti