Bakı. Trend:
Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Mr. White" adı ilə tanınan aktyor Oleqin təşkil etdiyi şou-tamaşa baş tutub.
Möhtəşəm "köpüklü şou"nun birinci seansı biletlə olsa da, ikinci seansa internat məktəblərinin şagirdləri, aztəminatlı ailələrin uşaqları və fiziki qüsurlu uşaqlar dəvət olunub.
Qeyd edək ki, Azərbaycanda belə formatlı şou ilk dəfə keçirilib.
Mütəmadi olaraq xeyriyyə məqsədilə uşaq evlərində və internatlarda nümayişlər təşkil edən "Mr. White" Novruz bayramı günlərində də uşaqlar üçün təntənəli gecə proqramını gerçəkləşdirib. Oleq ad gününü uşaqlarla keçirərək onlar üçün çıxışlar edib.
Tədbirə qatılan 500 nəfərdən çox balaca tamaşaçı səhnədə baş verənləri böyük maraqla izləyib və sehirli nağıllar aləminə düşdüklərini hiss edib.