Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda 1992-ci illə müqayisədə uşaq, xüsusilə körpə ölümü halları 3 dəfəyədək azalıb.
Trend-in məlumatına görə, bunu bu gün keçirdiyi mətbuat konfransında Azərbaycan Səhiyyə Nazirliyi Elmi Tədqiqat Pediatriya İnstitutunun direktoru, SN-nin baş pediatrı Nəsib Quliyev deyib.
Onun sözlərinə görə, 1992-1993-cü illərdə Azərbaycanda hər 1000 diri doğulan körpədən 29,5-30 nəfəri 1 yaşına çatanadək ölürdü: "Amma bu gün Azərbaycanda körpə ölümü göstəricisi 10,2 promilleyə bərabərdir. Bu, o deməkdir ki, biz ötən 25 ilə yaxın dövr ərzində uşaq ölümünü 3 dəfəyə yaxın azalda bilmişik. Amma dünyanın çox inkişaf etmiş ölkələrində - Yaponiyada, İtaliyada, İsvecdə 3-4 promilledir. Bizdə bu rəqəm hələ ki, arzu etdiyimiz səviyyəyə çatmayıb. Biz çalışmalıyıq ki, bu göstəricini də Avropa göstəricisinə çatdıraq".