Bakı. İlhamə İsabalayeva - Trend:
Azərbaycanda özəl sahədə psixoloji yardım xidmətini təşkil etmək istəyənlər üçün yeni tələblərin irəli sürüləcəyi gözlənilir.
Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev Trend-ə bildirib ki, Azərbaycanda ilk dəfə olaraq hazırlanan "Psixoloji yardım haqqında" qanun layihəsində özəl sahədə psixoloji yardım xidmətinin təşkili üçün razılığın tələb olunması məsələsi ortaya qoyulur.
Onun sözlərinə görə, psixoloji yardım lisenziyalaşdırılmış fəaliyyət növü olmasa da, razılığın alınması tələb olunan fəaliyyət sahəsi olacaq: "Ola bilsin ki, psixoloji yardım fəaliyyəti üçün razılığın alınması vacib şərt olsun. Şübhəsiz ki, müvafiq qurumlar da buna nəzarət edəcəklər".
M.Quliyev qeyd edib ki, sosial və hüquqi xarakterli psixoloji yardımın göstərilməsi üçün psixoloqun ilk növbədə ən azı bakalavr səviyyəsində ixtisas təhsili və diplomu olmalıdır: "Klinik psixoloji yardımla məşğul olmaq istəyən psixoloqların isə magistr səviyyəsində diplomları olmalıdırlar. Bununla yanaşı, psixoloqlar hər 5 ildən bir sertifikatlaşdırmadan keçməlidirlər. Onlar ixtisasları üzrə bilik və bacarıqlarını təsdiq edən sertifikat almalıdılar. Bundan sonra razılıq məsələsi təsdq olunacaq".
Komitənin sədr müavini deyib ki, layihəyə əsasən, psixoloji yardım dövlət tibb, təhsil müəssisələrində, fövqəladə hallar, ədliyyə, polis sistemində, penitensiar xidmətdə dövlət vəsaiti hesabına həyata keçiriləcək: "Özəl xidmətdə isə psixoloji yardım ödənişli əsaslarla göstəriləcək. Bu qanunda təşəbbüs kimi göstəririk ki, klinik psixoloji yardım göstərilən halda icbari tibbi sığorta sistemi tərəfindən də maliyyələşdirilmə həyata keçirilsin".
M.Quliyev bildirib ki, qanun layihəsində psixolji yardımın və psixoloji xidmətin bütün hüquqi əsasları müəyyən olunur.
Hazırda "Psixoloji yardım haqqında" qanun layihəsi üzərində işin aparıldığını deyən deputat əlavə edib ki, onun may-iyun aylarında Milli Məclisin plenar iclasdına tövsiyə ediləcəyi gözlənilir.