...

UNEC-də Ümummili Lider Heydər Əliyevin 93 illiyinə həsr edilən elmi sessiya keçirilib (FOTO)

Cəmiyyət Materials 6 May 2016 17:14 (UTC +04:00)
Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan elmi sessiya keçirilib.
UNEC-də Ümummili Lider Heydər Əliyevin 93 illiyinə həsr edilən elmi sessiya keçirilib (FOTO)

Bakı. Trend:

Mayın 6-da Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan elmi sessiya keçirilib.

Tədbir iştirakçıları Ümummilli liderin universitetdə ucaldılan büstü önünə gül dəstələri düzərək, Ulu Öndərin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Sonra UNEC-in Texnologiya və dizayn fakültəsinin tələbələrinin Ulu Öndərə həsr etdikləri rəsmlərdən ibarət sərgiyə baxış keçirilib. Bildirilib ki, tələbələrin əsərləri "Heydər Əliyev və Azərbaycanın müasir inkişafı" mövzusunda keçirilən rəsm müsabiqəsinə təqdim edilib.

Elmi sessiyada UNEC rektoru, professor Ədalət Muradov Ulu Öndərin keçdiyi mənalı həyat yoluna qısa nəzər salıb. Bildirib ki, Ulu Öndər sürətlə inkişaf edən bugünkü Azərbaycanımızın inkişafının təməl daşını respublikaya rəhbərliyinin ilk dövrlərində atıb. Dövlətimizin müstəqillik illərindəki dərin böhrandan çıxaraq, dinamik inkişaf edən ölkələr sırasında yer almasına görə Ümummilli liderə borcluyuq. Ulu Öndər Heydər Əliyev elə bir zirvədir ki, ona çatmaq mümkün deyil.

Rektor qeyd edib ki, xalqın rifahının təminatı, əhalinin sosial müdafiəsinin gücləndirilməsinin təməli məhz Ümummilli Lider tərəfindən qoyulub. Bu gün keçirilən elmi sessiyanın əsas məqsədi Ulu Öndərin yaratdığı Azərbaycanın sosial siyasətinə elmi baxış keçirməkdir. Ədalət Muradov bildirib ki, elmi-tədqiqat yönümlü institututa çevrilməkdə iddialı olan UNEC Ulu Öndərin sosial siyasətini yenidən tədqiq edərək, bu sahəyə öz töhfələrini verəcək.

Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli bildirib ki, Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışı ilə ölkədə başlanan yeni siyasi kurs sosial siyasətə təsirsiz ötüşmədi. Müstəqil dövlətin bazar iqtisadiyyatına keçidlə bağlı sosial siyasətinin formalaşması dövlətin kompleks inkişafının tərkib hissəsi kimi nəzərdən keçirildi. Yeni iqtisadi sistemə keçid zamanı Azərbaycanın hansı modeldən faydalanmasına dair müxtəlif fikirlər irəli sürülsə də, Heydər Əliyev bazar münasibətləri əsasında formalaşan sosialyönümlü milli iqtisadiyyatın qurulmasını əsas strategiya kimi müəyyənləşdirdi. Ulu Öndərin əsasını qoyduğu sosial siyasətin xarakterik cəhətlərini vurğulayan H.Rəcəbli bu siyasətin dayanıqlı olması, ölkənin iqtisadi bazisinə əsaslanması, mükəmməl və dünya təcrübəsində uğurla sınaqdan çıxmış normativ-hüquqi bazaya söykənməsini diqqətə çatdırıb. H.Rəcəbli Ulu Öndərin müəllifi olduğu sosial siyasətin inkişaf tarixinə nəzər salaraq, ölkə iqtisadiyyatının tənəzzüldən çıxmasından, daxili sabitliyin təmin edilməsindən sonra sosial siyasət sahəsində atılan əhəmiyyətli addımlardan danışıb, uğurlu islahatları sadalayıb.

UNEC-in İqtisadi Araşdırmalar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rəşad Hüseynov "Azərbaycan Respublikasının sosial inkişafının Heydər Əliyev epoxası" mövzusunda təqdimatla çıxış edib.

Sonra Milli Məclisin Əmək və Sosial Siyasət Komissiyasının sədri Hadı Rəcəbli UNEC-in kitabxanasına "Sabitlikdən sosial rifaha" adlı kitabı hədiyyə edib.

Tədbir çıxışlarla davam edib.

UNEC haqqında:

UNEC Azərbaycan Dövlət İqtisad Universitetinin brendidir. 21 yanvar 2016-cı ildə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi tərəfindən UNEC brendi qeydiyyata alınaraq, patentləşdirilib. Brend təsdiqlənərkən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi xüsusi təsnifatın 41-ci sinfini əsas götürürək - tərbiyə etmə, tədris prosesinin təmin edilməsi, əyləncələr, idman və mədəni-maarif tədbirlərinin təşkili, ikinci isə 42-ci sinif - elmi və texnoloji xidmətlər və onlara aid elmi tədqiqatlar və işləmələr, sənaye analizi və elmi tədqiqatlar üzrə xidmətlər, kompüterlərin texniki və proqram təminatının işlənməsi və təkmilləşdirilməsi əsas götürüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti