...

“Coca-Cola” və “Tour d’Azerbaidjan” – fəal həyat tərzinin təbliği naminə 5 illik tərəfdaşlıq (FOTO)

Cəmiyyət Materials 13 May 2016 12:03 (UTC +04:00)

Bakı. Trend:

Ötən həftə 19 ölkədən 21 komandanın iştirak etdiyi "Tour d`Azerbaidjan 2016" beynəlxalq velosiped yarışı başa çatıb. "Tour d`Azerbaidjan" yarışı "Coca-Cola" şirkətinin dəstəyi və Azərbaycan Velosiped İdmanı Federasiyasının tərəfdaşlığı ilə artıq 5 ildir təşkil olunur. Beynəlxalq Olimpiya Komitəsi və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı, yüksək keyfiyyətli sərinləşdirici içkilərin istehsalı üzrə dünya lideri olan "Coca-Cola" şirkəti insanların fəal və sağlam həyat tərzi naminə bütün düynada müxtəlif idman proqramları, çempionat və turnirləri dəstəkləyir. "Coca-Cola" şirkəti üçün "Tour d'Azerbaijan" yarışı velosiped idmanının Azərbaycanda təbliği vasitəsilə daha çox insanı fəal həyat tərzinə ilhamlandıran unikal bir beynəlxalq idman hadisəsidir.

Beş mərhələdən ibarət olan builki yarış mayın 4-dən 8-dək keçirilib. Dünyanın 19 ölkəsindən 21 komandanın iştirak etdiyi veloturun marşrutu Sumqayıt, Şamaxı, Ağsu, İsmayıllı, Qəbələ, Oğuz və Şəki şəhər və rayonlarından keçib. Marşrutun ümumi uzunluğu 790 km təşkil edib.

"Coca-Cola" şirkəti təmsil olunduğu bütün ölkələrdə əhalinin fiziki fəallığının dəstəyinə böyük diqqət yetirir və şirkət hesab edir ki, idman bütün insanlar üçün zəruri ilham mənbəyidir. Fəal və sağlam həyat tərzi xoşbəxt həyatın təməlidir, bu isə öz növbəsində cəmiyyətin rifahına fayda verir. Bu, "Coca-Cola"nın bütün dünyada idman tədbirlərini dəstəkləməsinin əsas səbəbidir.

"Coca-Cola" şirkətinin Qafqaz və Mərkəzi Asiya ölkələri üzrə kommunikasiya meneceri Elşad Fərzəliyev bildirib: "Tour d`Azerbaidjan" beynəlxalq velosiped yarışının rəsmi tərəfdaşı olaraq biz inanırıq ki, sözügedən turnir Azərbaycanda bir çox insanı daha fəal və sağlam həyat tərzi sürməyə ilhamlandıracaq. Bu isə öz növbəsində cəmiyyətin fiziki rifahına müsbət təsir göstərəcək. Biz əhalinin faəl və sağlam həyat tərzinin təbliği istiqamətində Azərbaycan Velosiped İdmanı Federasiyası ilə sıx əməkdaşlıq edirik və "Tour d`Azerbaidjan" yarışı bunun bariz nümunəsidir. Eyni zamanda, biz velosiped idman növünün də daxil olduğu və məktəblilərin ən iri idman proqramlarından biri sayılan "Olympic Moves" proqramının icrası çərçivəsində də həyata keçirilən tərəfdaşlığı yüksək qiymətləndiririk. Bu proqram çərçivəsində Bakının minə yaxın məktəblisi velosiped idman növü üzrə keçirilən yarışlarda iştirak edib. Son illər Azərbaycanda velosiped idmanı üzrə təşkil edilən belə yarışlar insanlarda bu idmana marağın bir qədər də artmasına səbəb olub və fikrimcə, Velosiped İdmanı Federasiyası ilə bizim birgə səyimiz əhalinin fiziki rifahının yaxşılaşdırılmasına əvəzsiz bir töhfədir".

"Coca-Cola" şirkətinin nümayəndəsi əlavə edib ki, veloidman, yüngül atletika, badminton və 3x3 basketbol idman növlərinin daxil olduğu "Olympic Moves" məktəblilərin idman proqramı Milli Olimpiya Komtəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin birgə tərəfdaşlığı ilə həyata keçirilir.

"Biz "Coca-Cola" şirkəti ilə əməkdaşlıq etməkdən məmnunuq və "Tour d'Azerbaijan 2016" yarışının uğurla başa çatması ilə fəxr edirik. Bu əməkdaşlıq ölkədə veloidmanın inkişafına verilən töhfədir. Bizim komanda 19 ölkədən olan 21 komanda arasında birinci yerə layiq görülüb. Qarşıdan gələn "Rio-2016" Olimpiya Oyunlarına artıq 3 lisenziyamız mövcuddur. Bununla yanaşı, bizə potensial idmançılar bəxş edən "Olympic Moves" proqramının icrası çərçivəsində tərəfdaşlığımızı qeyd etmək istərdim. Bu proqram sayəsində velosiped məktəblərinə axın xeyli gücləndi. Öz məktəblərinin komandasına uğur qazandırmaq istəyən məktəblilər velosiped idmanı ilə daha peşəkar səviyyədə məşğul olmağa başladılar və onların içərisində kifayət qədər perspektivli yeniyetmə var. Kim bilir, bəlkə onlardan kimsə gələcəkdə Azərbaycan yığma komandasının heyətində uğurlu nəticələrə imza atacaq?", - deyə Azərbaycan Velosiped İdmanı Federasiyasının baş katibi Fərhad Əliyev billdirib.

Şirkət nümayəndəsi "Coca-Cola" brendinin velosiped idman növü ilə əlaqələrindən danışaraq bir sıra maraqlı faktlarla bölüşüb. Belə ki, 1903-cü ildə şirkətin reklam posterlərində təsvir olunmuş ilk idmançı dövrünün tanınmış velosipedçisi Cek Prins olub. 1953-cü ildə "Coca-Cola" şirkəti ilk dəfə olaraq məşhur "Tour d'France" yarışının sponsoru qismində çıxış edib. Ötən əsrin 60-cı illərin sonunda şirkət reklam çarxında "Coca-Cola" butulkası formasında olan velosipeddən istifadə edib. Sözügedən velosiped ötən il ABŞ-ın Atlanta şəhərində yerləşən "Coca-Cola" muzeyindən Azərbaycana gətirilib və Azərbaycan Velosiped İdmanı Federasiyasının muzeyində saxlanılması üçün federasiyanın vitse-prezidenti Sahib Ələkbərova təqdim edilib. "Coca-Cola" şüşəsi formasında hazırlanmış bu velosiped şirkətin velosiped idmanına olan dəstəyinin və bağlılığının rəmzidir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti