...

Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi açılıb (FOTO)

Cəmiyyət Materials 18 May 2016 18:32 (UTC +04:00)
SOCAR-AQŞ sosial məsuliyyət proqramı çərçivəsində növbəti layihəyə start verib.
Ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərgi açılıb (FOTO)

Bakı. Trend:

SOCAR-AQŞ sosial məsuliyyət proqramı çərçivəsində növbəti layihəyə start verib. Belə ki, mayın 16-da Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının Muzey-Sərgi Kompleksində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş sərginin rəsmi açılış mərasimi keçirilib.

Şirkətdən Trend-ə verilən məlumata görə, mayın 18-dək davam edəcək sərginin keçirilməsində məqsəd Ulu öndər Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin bərqərar olmasında oynadığı tarixi rolu və töhfələri rəng çalarları ilə bir daha tərənnüm etdirməkdir. Profesional rəssamlarla yanaşı, gənc rəssamların da yaradıcılığının geniş vüsət alması baxımından SOCAR-AQŞ tədbirin baş sponsoru qismində çıxış edərək Rəssamlıq Akademiyasının təşəbbüsünü dəstəkləyib və gənc tələbələr arasında müsabiqənin həyata keçirilməsini reallaşdırıb.

Qeyd edək ki, sərgidə iki nominasiya üzrə müsabiqə elan olunub: "Heydər Əliyevin Azərbaycan xalqının rifahı uğurunda mübarizəsi" və "Neft sənayesinin inkişafı gənclərin gözü ilə".

Azərbaycan Rəssamlıq Akademiyasının rektoru, akademik Ömər Eldarov mərasimi açıq elan edərək bildirib ki, Heydər Əliyev mədəniyyətimizin inkişafında yeni bir dövrün əsasını qoyub: "İncəsənətimizin maddi-texniki bazasının möhkəmləndirilməsində Ulu öndərin misilsiz rolu var. Bu gün isə gənc tələbələr arasında belə bir təqdirəlayiq müsabiqənin təşkilinə və sponsorluq fəaliyyətinə görə SOCAR-AQŞ rəhbərliyinə dərin minnətdarlığımı bildirirəm. Bu cür təşəbbüslərin dəstəklənməsi gənc rəssamlarda ruh yüksəkliyi yaratmaqla yanaşı, milli-mədəni dəyərlərin qorunması və aşılanması ənənəsini də yaşadır".

Daha sonra SOCAR-AQŞ-nin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Sənubər Nəzərova çıxış edərək bildirib ki, müəssisə gənc və istedadlı tələbələrin potensiallarını ortaya çıxara bilən təşəbbüsləri vaxtaşırı dəstəkləyir: "Bakı nefti mövzusu hələ ötən əsrdən bəri rəssamların sevə-sevə müraciət etdiyi mövzulardan biridir. Müstəqil Azərbaycanın neft-qaz sənayesinin uğurlarının təməlində isə "Əsrin müqaviləsi" dayanır. Ulu öndərin gərgin zəhməti sayəsində reallaşan bu müqavilənin töhfələri hazırda sərgilənən təsviri incəsənətin əksər növlərində öz təzahürünü tapıb".

Tədbirin sonunda münsiflər heyəti müsabiqənin 8 qalibinə gələcək fəaliyyətlərində uğurlar arzulayaraq onlara təbrik paketləri və diplomlar təqdim etdilər.

Qeyd edək ki, ümumilikdə, sərgidə 200-dən artıq əsər nümayiş olunur. Bunlardan 50-yə yaxını rəngkarlıq, 30 əsər qrafika, 47 ədəd xalça, 28 qobelen, 26 keramik və digər üslubda əsərlər 18 may 2016-cı il tarixinədək sərgi sevərlərin ixtiyarında olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti